"Çox şadam ki, son 10 illikdə Bakıda çox sayda gözəl parklar salınıb" — Tanınmış memar

GÜNDƏM 31 iyul 2025, 15:04
“Bu gün Bakıda aparılan söküntülər hətta sovet dövründə – 70–80-ci illərdə Baş planda idi. Murtuza Muxtarov və Təzə Pir arasında olan məhəllələr çoxdan sökülməli idi. İqtisadi imkan olmadığı üçün bu günə qədər o məsələ həll olunmamışdı. Elə binalar var ki, onun nə estetik əhəmiyyəti var, nə fiziki olaraq yaxşı halda deyil. Təbii ki, onlar sökülməlidir. Bilirsiniz, düzgün deyil, biz hər köhnə daşdan yapışıb deyək ki, bunu sökmək olmaz. 21-ci əsrdir, Bakı dinamik formada inkişaf edir. Unutmayaq ki, bu gün sakinlərin ən sevdiyi parklardan biri Sabir parkıdır, amma zamanında onun yerində balaca daxmalar dayanırdı. Təbii ki, onlar söküldü və bu cür gözəl park salındı. Eynilə də indi, memarlıq abidəsi olmayan köhnə tikililər söküləcək və yerində gözəl parklar salınacaq. Həm də söhbət onlarla binadan getmir, sadəcə bir neçə binadan gedir. Məncə, gözəl parklar naminə bunu etmək doğrudur”.

Bunu Demokrat.az-a açıqlamasında tanınmış memar, sənətşünaslıq üzrə elmlər doktoru, professor Elçin Əliyev deyib. O bildirib ki, parkların əhəmiyyəti çox böyükdür:



“Parklar şəhər həyatında son dərəcə vacib rol oynayırlar. Onların əhəmiyyəti sadəcə estetik görünüş və istirahət funksiyası ilə məhdud deyil. Parklar insanların sağlamlığına, ekologiyaya, iqtisadiyyata, hətta sosial sabitliyə təsir göstərir.Parkların çox böyük ekoloji rolu var. Təmiz hava, istidən qorunma, biomüxtəlifliyin qorunması baxımından önəmi var. Həmçinin sosial, psixoloji əhəmiyyəti mövcuddur. Parklar insanlar üçün ünsiyyət yeridir, psixoloji sağlamlığa təsir göstərir, yaşıllıqda olmaq stressi azaldır, əhvalı yaxşılaşdırır, fiziki aktivlik üçün imkan yaradır.

Şəhərsalmada parklar estetik funksiyasını da daşıyır. Şəhər mühitinin yaxşılaşdırılması, tarazlı inkişaf, səs-küyün az olması cəhətdən də rolu böyükdür. Çox şadam ki, son 10 illikdə Bakıda çox sayda gözəl parklar salınıb. Biz unutmamalıyıq ki, 100–150 il əvvəl Bakıda heç normal sayda ağac yox idi”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top