
Volqoqrad vilayətində dəmir yolunun zədələnməsi qatarların hərəkətində məhdudiyyətlərə səbəb olub.
Rusiyanın Penza vilayətində yerləşən "AO Radiozavod" müəssisəsi dronlarla vurulub.
Demokrat.az xəbər verir ki, bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib.
Onun sözlərinə görə, bu zavod Rusiya müdafiə sənayesi üçün mühüm obyekt sayılır və işğalçı ordu üçün müasir rabitə vasitələrinin istehsalı ilə məşğuldur.
Kovalenko əlavə edib ki, zavod aşağıdakı məhsulları istehsal edir:
“Mobil idarəetmə kompleksləri, avtomatlaşdırılmış döyüş idarəetmə sistemləri, Quru Qoşunları, Hava-Dessant Qoşunları və Strateji Raket Qoşunları üçün radiostansiyalar, zirehli texnika bazasında modernləşdirilmiş komanda-qərargah maşınları”.
Bundan əlavə Volqoqrad vilayətinə də dron hücumları olub. Vilayətin qubernatoru Andrey Boçarov bildirib ki, nəticədə Tinquta stansiyası yaxınlığında dəmir yolu zədələnib, bu da qatarların hərəkətində məhdudiyyətlərə səbəb olub. Həmçinin yanğın baş verib və bölgədə qaz təchizatı ilə bağlı problemlər yaşanır.
Bundan əlavə, gecə saatlarında Rostov vilayətinin Salsk şəhərində dəmir yolu və resurs bazası dronlarla hədəfə alınıb.
Kovalenkonun sözlərinə görə, Salskdakı bu obyekt Donetsk cəbhəsinə, eləcə də işğal altındakı Krım və Zaporojye vilayətlərinə yanacaq, sursat və digər yüklərin daşınması üçün logistika mərkəzi rolunu oynayır.
Qeyd edək ki, 6 iyun tarixində Ukrayna dronları Rusiyanın Engels hərbi aerodromu yaxınlığındakı yanacaq bazasına da zərbə endirmişdi. Saratov vilayətinin qubernatoru Rəman Busarqin həmin zərbəni təsdiqləyib.
Engelsdəki bu yanacaq bazasında strateji bombardmançı təyyarələr üçün yanacaq ehtiyatları saxlanılırdı. Bu obyekt daha əvvəl – yanvar ayının əvvəlində də ukraynalı dronlar tərəfindən vurulmuşdu.