Astarada 38 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Astara rayonunun kəndlərindən birində baş verib. 1988-ci il təvəllüdlü Pərviz kənddə yerləşən fərdi yaşayış evində arvadı Ləmanla (adlar şərtidir – red.) mübahisə edib.
Aralarında yaranmış ailədaxili münaqişə zamanı Pərviz arvadının bədəninin müxtəlif nahiyələrinə odun parçası ilə zərbələr endirərək ona xəsarətlər yetirib.
Faktla bağlı Pərviz barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Pərviz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını bildirib.
Astara Rayon Məhkəməsinin hökmü ilə Pərvizin arvadı ilə barışması səbəbindən onun barəsində cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli


