"Kəlbəcər-Naxçıvan dəhlizi ilə bağlı yeni müzakirələrin başladığını müşahidə edirik" — AÇIQLAMA

DAXİLİ SİYASƏT 29 iyul 2025, 16:11
“Zəngəzur dəhlizi Ermənistan-Azərbaycan sülh danışıqlarının əsas predmetlərindən biridir. Bu artıq heç kimə sirr deyil. Lakin bu, eyni zamanda tərəflər arasında əsas fikir ayrılığı nöqtəsidir. Çünki Bakı və İrəvan bu məsələyə fərqli yanaşmalar sərgiləyir”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

O, bildirib ki, Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı siyasəti praqmatik və çoxvektorlu xarakter daşıyır:

“Bakı regional iqtisadi inteqrasiyanı təşviq etməklə yanaşı, təhlükəsizlik risklərini öncədən nəzərə alaraq ehtiyatlı addımlar atır. Hazırda əsas yanaşma – maneəsiz hərəkətin təmin olunmasıdır.

Ermənistan isə Azərbaycanın təklifini qəbul etmir və prosesi kənar oyunçuların iştirakı ilə yönləndirməyə çalışır. Bu cəhdlər səmərəsizdir və sülh prosesinə zərbə vurmaq potensialına malikdir. Təcrübə göstərir ki, Bakı ilə İrəvan arasında vasitəçilərin olmadığı mühitdə ortaq məxrəc daha asan tapılır. Sülh prosesində bunun bir neçə dəfə şahidi olmuşuq. Elə isə sual yaranır: Zəngəzur dəhlizi məsələsinə ABŞ-ı cəlb etməyin adı nədir?”



Politoloq bildirib ki, ABŞ hökuməti Azərbaycan-Ermənistan arasında planlaşdırılan nəqliyyat dəhlizinə nəzarət etməyə hazır olduğunu bəyan edib:

“Bu, əslində yeni məsələ deyil. Vaşinqton artıq bir müddətdir bu təklifi gündəmdə saxlayır. İspaniyanın “Periodista Digital” nəşrində yayımlanan mübahisəli məqalə bu iddiaların ən real sübutu hesab olunur. Həmin məqalədə bildirilir ki, Ermənistan hökuməti Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinə nəzarəti ABŞ-a verməyə razılaşıb. Hətta bu istiqamətdə memorandumun imzalandığı və sənədin Sünik rayonu ərazisindən keçməklə 42 kilometrlik dəhlizin yaradılmasını nəzərdə tutduğu qeyd olunur.
Hazırda Ermənistan və Azərbaycan arasında Kəlbəcər-Naxçıvan dəhlizi ilə bağlı yeni müzakirələrin başladığını da müşahidə edirik".

Ekspert hesab edir ki, Azərbaycanın bu məsələyə münasibəti artıq bəllidir: 

"Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə verdiyi müsahibədə ABŞ şirkətinin Zəngəzur dəhlizi layihəsində iştirakı ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Hacıyev qeyd edib ki, bu məsələ Ermənistanın qərarından asılıdır.

Azərbaycan tərəfi açıq şəkildə bildirir ki, Ermənistanın dəhlizdə kiminlə işləmək istəməsi onun seçimidir. Bakı isə enerji və nəqliyyat siyasətini suverenlik prinsipi əsasında həyata keçirir. ABŞ-ın layihəyə hərbi komponent əlavə etməsi və regionda güc balansını dəyişməyə yönəlməsi Azərbaycanın maraqlarına uyğun deyil. Əgər Bakı dəhlizə nəzarəti digər ölkəyə vermək niyyətində olsaydı, Rusiya ilə əməkdaşlığı davam etdirərdi.

Bu kontekstdə Hikmət Hacıyevin açıqlaması Azərbaycanın ABŞ təklifinə birbaşa “yox” demədən, məsafəli və ehtiyatlı yanaşdığını göstərir.

Hesab edirəm ki, Bakı alternativ marşrutlar üzərində işləməklə həm siyasi çevikliyini qoruyur, həm də İrəvanla aparılan müzakirələrdə təzyiq imkanlarını artırır. Lakin alternativ marşrutlar deyərkən konkret olaraq Avropa İttifaqının və ya ABŞ-ın təklif etdiyi variantlar nəzərdə tutulmur”.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top