Bakının bu əraziləri hələ də susuz qalıb — Rəsmi AÇIQLAMA (VİDEO)

SOSİAL 27 iyul 2025, 09:49
Bakıda içməli su problemi davam edir. Paytaxtın bir sıra rayon və qəsəbələrində günlərlə su verilişində fasilələr yaranıb. Sakinlər bildirirlər ki, içməli suya çıxış məhduddur və bu, artıq xeyli müddətdir davam edir.

Vətəndaşlar qeyd edirlər ki, məsələ ilə əlaqədar aidiyyəti dövlət qurumları ilə əlaqə saxlamağa çalışsalar da, suyun nə vaxt veriləcəyi barədə onlara konkret məlumat verilmir.

Problemlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu Demokrat.az-a açıqlamasında bildirib ki, yay mövsümündə havaların kəskin istiləşməsi nəticəsində suya olan tələbat artır:

“Mövcud qurğuların və sudaşıyıcı kəmərlərin həddindən artıq yüklənməsi nəticəsində qəza risklərini də minimuma salmaqla tələbatın maksimum optimal qarşılanması üçün müəyyən tənzimlənmə işləri aparılır. 

Hazırda mövcud vəziyyətlə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən 24 saatlıq intensiv iş rejimi tətbiq edilir və su təchizatı qrafik rejimdə günlük, saatlıq olaraq tənzimlənir. Əhalinin 70%-dən çoxu 24 saatlıq su rejimindədir, geri qalan abonentlərə isə 12, 8 və 4 saatlıq su təchizatı rejimi tətbiq edilir. 

Rejimlərin tənzimlənməsi əsasən fərdi yaşayış üçün nəzərdə tutulmayan Bakı və Bakı ətrafında pərakəndə üsulla salınmış yaşayış ərazilərinə təsir edir, əsas su gətirici magistral kəmərlərin üzərindəki, mühafizə zolağındakı mövcud qanunsuz tikililər suyun çatdırılmasında və rejim tənzimlənməsində də əlavə problemlər yaradır. Həmçinin, mövcud qanunsuz birləşmələr su təchizatı sisteminə ciddi texniki və iqtisadi yük yaradır. Belə birləşmələrin qeyri-qanuni və ödənişsiz olması səbəbindən su itkisinin səviyyəsi də əhəmiyyətli dərəcədə artır.
Bütün bu amillər təchizatda fasilələrə səbəb olsa da, hazırda intensiv və sistemli tədbirlər görülür. Ümumilikdə fasiləsiz, o cümlədən qrafik rejimi əsasında su ilə təmin edilən kifayət qədər ərazilərin qızmar hava şəraiti səbəbindən su təminatı rejimində dəyişiklik edilməsi zərurəti yaranıb.  

Misal üçün, hər hansı rayonunun bir çox hissəsi səhər saat 6-dan günorta saat 12-ə qədər normal təzyiqlə su alırdı və günorta 12-dən axşam 6-ya kimi həmin təzyiq təxminən 50 faizə endirilirdi. 

Axşam saatlarında əhalinin sudan daha çox istifadə etdiyi zamanda yəni, saat 6-dan gecə 12-ə kimi normal təzyiqə qaytarılırdı. Hazırda isə bir əraziyə 24 saat su verib, digər ərazini ümumiyyətlə susuz saxlamaq olmaz. Yay aylarında 24 saat su alan ərazilərdə qrafikli rejimə keçməklə 12 saat su verilir. Bəzi ərazilərdə isə mövcud vəziyyətlə bağlı qrafikli rejimlərdə saat dəyişikliyi edilib. 

Həmçinin 4 saat səhər, 4 saat axşam su qrafikinin tətbiq olunduğu ərazilər hazırda 3 saat səhər, 3 saat axşam rejiminə keçməklə təmin edilir. Hətta şəhərin ucqar nöqtələri, primitiv üsulla su təchizatının mövcud olduğu ərazilər də gün ərzində 1 dəfə olmaqla səhər saat 6-dan 10-a kimi su ilə təmin edilir. 

Yəni hesablanmış qaydada suyun düzgün paylanma balansını qorumaqla Bakı şəhərinin ən ucqar nöqtəsindən ən çökək nöqtəsinə qədər hər bir abonentə suyun çatdırılması nəzərdə tutulur. 

Qeyd edək ki, keçən illə müqayisədə bu ilin cari ayında havanın temperaturu 6-7 dərəcə daha yüksəkdir. O cümlədən, əhalinin artımı və şəbəkənin genişləndirilməsi, vətəndaşların bir çoxunun bağ evlərinə köçməsi və s. faktorları da mövcud vəziyyətə səbəbdir. 

Hazırda mənbə və daşıyıcı xətlər üzrə yay rejiminin tələbatına uyğun olaraq, Bakı şəhərinə tələbatından 0,3 milyon kub metr çox su verilir. Buna baxmayaraq, normativə cavab verməyən tikililər, xətlərin tənzimlənməsinə əngəl yaradan yaşayış sahələri suyun fasiləsiz təminatına ciddi faktor kimi təsir edir. 

Bu faktların aradan qaldırılması istiqamətində Bakı şəhərinin əsas su təminatçısı olan Ceyranbatan, Oğuz-Qəbələ-Bakı, Kür Sutəmizləyici Qurğuları Komplekslərində suyun istehsal həcmlərinin artırılması, sudaşıyıcı magistral kəmərlərin, hövzələr üzrə supaylayıcı şəbəkələrin qurulması istiqamətində yeni layihələrin icrası intensiv şəkildə davam etdirilir. 
Həmçinin yeni layihələr də mövcud plan üzrə icra olunmaqdadır, lakin nəzərə almaq lazımdır ki, bu istiqamətdə həyata keçirilən işlər genişmiqyaslı infrastruktur layihələridir və qısa müddətli deyil. 

Hazırda maksimum güclə intensiv fəaliyyət həyata keçirilir. İşçi heyəti 24 saat fasiləsiz və növbəli rejimdə istismar və təmir-bərpa işlərini yerinə yetirir”.


Vaqif Hüseynli
Demokrat.az


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top