Avtomobil alqı-satqısında təhlükəsiz və qanuni yol: necə rəsmiləşdirməli?

GÜNDƏM 24 iyul 2025, 18:23
"Əgər avtomobili rəsmi şəkildə və heç bir qanunsuz ödəniş etmədən öz adınıza keçirmək istəyirsinizsə, ilk növbədə nəqliyyat vasitəsinin tam dəyəri üzərinizdə olmalıdır. Məsələn, əgər avtomobilin qiyməti 35.000 manatdırsa, bu məbləğ alqı-satqı müqaviləsində olduğu kimi, tam şəkildə qeyd olunmalıdır. Üstəlik, bu məbləğ qeydiyyat şöbəsinin daxilində yerləşən bank vasitəsilə birbaşa satıcının hesabına ödənilməlidir. Bu yolla avtomobili heç bir əlavə və qeyri-rəsmi ödəniş etmədən öz adınıza keçirmək mümkündür".

Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Turan Abdullazadə deyib. 

"Bir çox vətəndaş avtomobili rəsmi qeydiyyatla deyil, “baş etibarnamə” ilə alır. Bəzən alıcılar avtomobilin pulunu hissə-hissə ödəmək niyyətində olduqlarından və ya qısa müddətdə pulu tam ödəyəcəklərinə inandıqlarından bu yola əl atırlar. Nəticədə, vətəndaşlar qeyri-qanuni üsula meyl edərək sonradan əlavə ödənişlər və problemlərlə üzləşirlər. Çoxları sonradan şikayətlənir ki, əlavə olaraq onlardan 300–400, hətta 600 manat pul tələb olunub".

Vəkil bildirib ki, mütləq şəkildə baş etibarnamə ilə deyil, birbaşa adınıza rəsmiləşdirmə aparılmalıdır:

"Baş etibarnamə ilə avtomobil alan şəxslər, faktiki olaraq, pulu ödədikdən sonra sənəd üzərində sahiblik hüququna malik olmurlar. Bu da qeydiyyat zamanı əlavə problemlərə səbəb ola bilər.

Avtomobil alqı-satqısının ən doğru və təhlükəsiz yolu ondan ibarətdir ki, satıcı mülkiyyəti qeydiyyat şöbəsinə təqdim edir, alıcı isə məbləği həmin şöbədə yerləşən bank vasitəsilə satıcının hesabına köçürür. Daha sonra avtomobilin texniki pasportu və şəhadətnaməsi birbaşa alıcının adına rəsmiləşdirilir. Bu üsul həm hüquqi baxımdan təhlükəsizdir, həm də tərəflər arasında gələcəkdə hər hansı narazılığın və hüquqi mübahisənin qarşısını alır.
Yeganə ödənilməli olan xərclər dövlət rüsumları və bank xidmət haqlarıdır. Qeyri-rəsmi və əlavə ödənişlərə ehtiyac yoxdur".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top