Xaricdə təhsil almaq istəyənlərə şad xəbər — Ekspert detalları AÇIQLADI

GÜNDƏM 24 iyul 2025, 14:55
“Ali  təhsildə ikili diplom proqramlarının təşviq olunması və bu proqramların sayının artırılması ilə bağlı Prezidentin imzaladığı son sərəncam, dövlət başçısının təhsilə yanaşmasının sadəcə populist və formal deyil, dərin düşünülmüş, strateji və məqsədyönlü olduğunu bir daha nümayiş etdirir. Bu təşəbbüs yalnız bir struktur yeniliyi deyil, Azərbaycan təhsilinin qlobal transformasiyasına açılan bir pəncərədir”.

Bunu Demokrat.az-a açıqlamasında tanınmış təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, ikili diplom modeli vasitəsilə Azərbaycan tələbəsi həm yerli, həm də xarici universitetdə təhsil alaraq iki ölkənin elmi və pedaqoji resurslarından istifadə edir, daha çevik və rəqabətə davamlı kadr kimi yetişir:

“Bu gün artıq ADA Universiteti, Bakı Ali Neft Məktəbi, UNEC kimi aparıcı ali məktəblər dünya səviyyəli universitetlərlə uğurlu əməkdaşlıq modelləri qurublar.  
Beynəlxalq təcrübə də göstərir ki, ikili diplom proqramları yalnız tələbəyə deyil, eyni zamanda ölkəyə çoxşaxəli faydalar gətirir. Almaniya, Fransa, Cənubi Koreya və Çin bu model vasitəsilə təkcə insan kapitalını gücləndirmir, həm də ölkənin beynəlxalq elm və təhsil məkanındakı nüfuzunu artırır, elmi diplomatiya gücləndirilir”.  

Ekspert bildirib ki, ikili diplom proqramlarının sayının artırılması ilə bağlı sərəncamın daha geniş miqyasda tətbiqi, ölkə daxilində təhsil alan gənclərin dünyaya çıxış imkanlarını genişləndirəcək, onları yeni bilik, bacarıq və təcrübələrlə silahlandıracaq:

“Bu, təkcə təhsil səviyyəsinin artması deyil, yeni texnologiyalara, innovasiyalara və elmi tədqiqatlara açılan yollar deməkdir. Bu proqramlar sayəsində Azərbaycan universitetləri beynəlxalq akkreditasiyadan keçmiş proqramlara yiyələnir, müəllim heyəti inkişaf edir, elmi tədqiqat sahələri genişlənir, yeni laboratoriyalar və resurs bazaları formalaşır. Bu isə ölkənin elmi-intellektual infrastrukturunun yenilənməsi baxımından mühüm addımdır”.

Kamran Əsədov qeyd edib ki, ali təhsildə ikili diplom proqramlarının genişləndirilməsi, Azərbaycanın intellektual, elmi və texnoloji potensialını gücləndirməklə yanaşı, ölkənin iqtisadi müstəqilliyini və beynəlxalq nüfuzunu artıran faktora çevriləcək. Bu proqramlar həm də Azərbaycana xarici tələbə axınını stimullaşdıra bilər, ölkəmizi regionda təhsil mərkəzi kimi möhkəmləndirə bilər. 

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top