
ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova “VMR Estetik” klinikasının kosmetoloqu Gülsüm Əliyevanın ona şər atdığını deyib.
Axşam.az xəbər verir ki, jurnalist kosmetoloqun onunla bağlı polisə təqdim etdiyi ərizədə yalanlar yazdığını iddia edib. Q.Ataşova bildirib ki, kosmetoloq ondan 50 min manat istədiyini yazıb:
"Bu həyatda çox şey görmüşəm, amma bu qədər qızıl-qırmızı böhtan, ləyaqətsizlik görməmişdim. Gülsüm Əliyeva – cərrah deyilsən, tibb diplomun yoxdur, amma əməliyyat aparırsan. Əhsən. "VMR estetik" klinikası - lisensiyası yoxdur, amma klinika kimi işləyir. Möcüzə! Və nə baş verir? Dövlət ard-arda cərimələr yazır. Sonra da başlayır suallar: Bəs, bu cərimələri kim ifşa elədi? Mən! Kim olacaqdı ki?
İndi isə nə deyirlər? Guya mən onlardan 50 min rüşvət istəmişəm. Niyə? Çünki demişəm ki, cərrah olmaq üçün cərrah diplomu da gərəkdir. Çox cəsarətli fikir olmuş, etiraf edirəm.
Məktubu da aparıblar Korrupsiyaya qarşı Mübarizə İdarəsinə – sübut filan yoxdur, amma guya “şikayətçidirlər”. Əla! İndi belə çıxır ki, klinikada lisenziya yoxdursa, günah Qənirədədir? Həkim olmadan əməliyyat aparılırsa, günah yenə Qənirədədir. Dövlət cərimə yazırsa, demək, Qənirə rüşvət alıb.
Yəni bu ölkədə qanunsuzluqları ifşa edən yox, ifşa edənə qarşı kampaniya aparmaq dəbdir. Mən artıq nə ifşaçıyam, nə jurnalist – “cinayətkaram”, çünki doğruları demişəm.
Gülmək istəyənə komediya, düşünmək istəyənə faciədir".