
Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən növbəti Vaqif Poeziya Günləri Şuşada nümayiş olunan "Sözün hökmdarı" adlı ədəbi-bədii kompozisiya ilə başa çatıb.
Səhnə işinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, ssenari müəllifi şair, dramaturq İlqar Fəhmidir.
Kompozisiyada görkəmli şair, Qarabağ xanlığının vəziri Molla Pənah Vaqifin dövlət idarəçiliyinə gəlişi və ədəbi yaradıcılığı diqqətə çatdırılır.
Bir sıra teatrlardan aktyorların, bədii kollektivlərin iştirakı ilə hazırlanan nümunədə böyük şairin bir əlində qılınc, bir əlində qələm tutan sələfləri - Qazi Bürhanəddin Əhməd, Qara Yusif, Cahanşah Həqiqi, Şah İsmayıl Xətai başqaları səhnəyə gəlir. Onların dövlət idarəçiliyi ilə yanaşı, ədəbiyyat və mədəniyyətin də inkişafına qayğı göstərməklə tarixdə iz qoyduqları vurğulanır.
M.P.Vaqifin ən yaxın dostu görkəmli şair Molla Vəli Vidadi ilə olan
"Sözün hökmdarı" ədəbi-bədii kompozisiyası tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Bununla da, daha bir söz-sənət bayramı tarixə qovuşub.
Qeyd edək ki, Vaqif Poeziya Günlərinin təməli Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulub. Həmin tarixdə Ulu Öndərin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsi və Poeziya Evi təntənəli şəkildə açılıb, Ümummilli Liderin tapşırığı ilə Vaqif Poeziya Günlərinin keçirilməsinə qərar verilib. 1991-ci ilə qədər hər il təşkil olunan bu poeziya bayramı ənənəvi şəkildə şairin vətəni Qazaxdan başlayır və Şuşanın əsrarəngiz Cıdır düzündə başa çatırdı. Lakin 1990-cı illərdə Qarabağın işğalı ilə bu ənənəyə ara verildi.
2020-ci ildə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi tarixi Zəfərdən sonra bu ənənə yenidən bərpa olundu. 2021-ci ildə Şuşada Vaqif Poeziya Günləri daha böyük ruhla keçirilməyə başlandı.
Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə növbəti Vaqif Poeziya Günləri keçirilir.
Demokrat.az xəbər verir ki, görkəmli şairin yurdu Qazax rayonunda başlayan (14 iyul) poeziya bayramı Gəncə (15 iyul) və Ağdamdan (16 iyul) sonra 22-23 iyul tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində davam edir.
İyulun 22-də dahi şairin məqbərəsi önündə Vaqif Poeziya Günlərinin silsilə tədbirləri başlanıb.
Açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, AYB-nin sədri Xalq yazıçısı Anar, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, tanınmış ədəbiyyat və mədəniyyət xadimləri, doğma yurda qayıtmış şuşalı poeziyasevərlər iştirak ediblər.
AYB-nin sədri Xalq yazıçısı Anar Molla Pənah Vaqifin milli ədəbiyyatın inkişafında xidmətlərindən söz açıb. Vaqif Poeziya Günlərinin əhəmiyyətini qeyd edən yazıçı deyib ki, xalqın varlığı onun ədəbiyyat və mədəniyyəti ilə təzahür edir.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qurumun Azərbaycan mədəniyyəti və ədəbiyyatı ilə bağlı həyata keçirdiyi layihələrdən bəhs edib, Molla Pənah Vaqifə həsr olunan "Özü vəzir, sözü şah" (2023) adlı nəşrdən danışıb.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov çıxışında Şuşa şəhərini və Molla Pənah Vaqifi Azərbaycan intibahının nümunələri kimi səciyyələndirib. Alim Vaqifin özündən sonrakı ədəbi prosesə böyük təsir göstərdiyini də diqqətə çatdırıb.
Şair, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, əslən şuşalı olan Ramil Əhməd Şuşanın zəngin tarixinin və əsrarəngiz təbiətinin ilham mənbəyi olduğunu bildirib, şeirini səsləndirib.
Çıxışlardan sonra "Vaqifə məktub" esse müsabiqəsi qaliblərinin mükafatlandırması mərasimi olub.
Məlumat verilib ki, Mədəniyyət Nazirliyi tərəfindən bu ilin may ayında elan olunan müsabiqənin əsas məqsədi yaradıcı potensialı olan hər bir kəsin diqqətini bir daha görkəmli şair və dövlət xadimi Molla Pənah Vaqifin yaradıcılığına yönəltməklə mövzu baxımından yeni əsərlərin yazılmasına stimul verməkdir.
Müsabiqəyə ümumilikdə 175 esse təqdim olunub. Esselər tanınmış ədəbiyyatşünas və yazarlardan ibarət komissiya tərəfindən mövzuya yanaşma, mətnin bədii-estetik tutumu, dil və ifadə zənginliyi, həmçinin üslubun orijinallığı və kompozisiya strukturu baxımından dəyərləndirilib.
Komissiyanın yekun qərarına uyğun olaraq Təhminə Verdiyeva ("Ruhun və tarixin qovuşduğu Şuşa") I, Natəvan Bağırova ("Vaqifə müraciət") II, Elvin Əhməd ("Ömrün sıfır nöqtəsi və ya iki misraya sığan həyat") III yerlərə layiq görülüblər.
Birinci yerin qalibinə 2500 manat, II yerin qalibinə 1500 manat, III yeri qazanmış müəllifə isə 1000 manat verilib. Bütün qaliblərə eyni zamanda Mədəniyyət Nazirliyinin diplomları təqdim olunub.
Daha sonra "İgidlərin sözü" layihəsi təqdim olunub. Şairə Nigar Həsənzadənin "Söz" layihəsi çərçivəsində reallaşan
"İgidlərin sözü"nün məqsədi 44 günlük Vətən müharibəsində vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə aparan igid oğulların yaradıcılıq nümunələrini nümayiş etdirməkdir.
Tədbirdə 44 günlük Vətən müharibəsi iştirakçıları olan şairlər öz şeirlərini səsləndiriblər.