Mətbuatımız Qərbdə ictimai rəyin formalaşmasına təsir göstərə bilir — Deputat

MEDİA 22 iyul 2025, 15:04
“150 il əvvəl Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan Azərbaycanın milli mətbuatı böyük bir inkişaf yolu keçmişdir. Düzdür, sov etlərin tərkibində olduğumuz zaman mətbuatımız senzuranın altında idi. Amma müstəqillik illərimizdə Ümummilli lider Heydər Əliyev tərəfindən senzuranın ləğv olunması sayəsində mətbuatın fəaliyyətinə də müstəqillik qazandırılmışdır”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. O bildirib ki, bu gün milli mətbuatımız operativ, obyektiv, qərəzsiz və milli maraqları hər şeydən üstün tutaraq fəaliyyət göstərir:

“44 günlük Vətən müharibəsi dövründə milli mətbuatımız da informasiya müharibəsində qələbəmizin inamlı və qəti olmasına çalışdı. Müharibə vaxtı mətbuatımız da səfərbər olundu və rəsmi mənbələrə əsaslanaraq məlumatları paylaşdı. O cümlədən, beynəlxalq informasiya məkanında Azərbaycanın ədalətli mövqeyinin çatdırılması üçün çalışdı.

Müharibə döyüş meydanında başa çatsa da, təəssüf ki, informasiya məkanında hələ də davam etməkdədir. Bu baxımdan, mətbuatımızın qarşısında çox məsuliyyətli vəzifələr dayanır. Mətbuatımız dövlət maraqlarının müdafiəçisidir. Belə ki, ölkəmizə qarşı səsləndirilən qərəzli və iftira dolu xəbərləri dərhal təhlil edir və tutarlı faktlarla ifşa edir”.

Deputat qeyd edib ki, mətbuatımız Qərbdə ictimai rəyin formalaşmasına təsir göstərə bilir və ölkəmiz haqqında ədalətli fikirin formalaşmasına töhfə verir:

“Xarici media agentlikləri tərəfindən mətbuatımız oxunur və xəbərlərin verilməsində istinadlar olunur. Bu da Azərbaycan mətbuatının dünya tərəfindən ədalətli və real informasiya mənbəyi kimi tanınmasından irəli gəlir.

Bəli, mətbuat orqanlarımızın qarşısında böyük vəzifələr dayanır. Bu vəzifələr informasiya məkanında obyektivliyi və operativliyi qorumaqla yanaşı, milli maraqlarımızın hər zaman müdafiə edilməsi ilə bağlıdır.
Təbii ki, bu məsuliyyətli vəzifənin icra olunmasında mətbuat işçilərinin böyük əməyi var. Mətbuat işçilərinin əməyi dövlət tərəfindən hər zaman dəyərləndirilir. 21 iyulda Prezident İlham Əliyev tərəfindən bir qrup mətbuat əməkdaşının təltiflərlə mükafatlandırılması da mətbuata verilən yüksək dəyərin göstəricisidir.

Bu gün milli mətbuatımızın yaranmasının 150 ili tamam olur. Bu əlamətdar gün münasibətilə bütün mətbuat işçilərini təbrik edir, hər birinə can sağlığı və qələmlərinizin həmişə iti olmağını arzulayıram. Bayramınız mübarək!”

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top