“Tərəqqi” medalı jurnalist fəaliyyətimə verilən ən böyük qiymətdir — Anar Tahirov

MEDİA 22 iyul 2025, 14:58
“İyulun 21-də möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə media nümayəndələrini təltif edib. Çox xoşbəxtəm ki, təltif olunanlar arasında mən də varam. “Tərəqqi” medalı mənim 24 illik jurnalist fəaliyyətimə verilən ən böyük qiymətdir. Bu mükafat həm də bütövlükdə müasir Azərbaycan mediasında öz yeri və dəsti-xətti olan “Bizim.Media” kollektivinin uğurudur”.

Bunu Demokrat.az-a açıqlamasında “Bizim.Media” informasiya portalının baş redaktoru Anar Tahirov deyib. Onun sözlərinə görə, rəhbərlik etdiyi sayt İkinci Qarabağ savaşı başladığı gün – 27 sentyabr 2020-ci ildə fəaliyyətə başlayıb və elə ilk gündən  kollektivlə qələmi süngüyə çevirib:

“Hər bir kollektiv üzvü müsəlləh əsgər kimi 44 günlük müharibə və ondan sonrakı həssas dövrdə gecə-gündüz çalışaraq erməni faşizmi üzərində qələbədə pay sahibi olmağa çalışıb.

Qeyd edim ki, Azərbaycan Prezidentinin birbaşa qayğısı ilə ölkəmizdə mətbuatın inkişafı üçün demokratik mühit, sağlam atmosfer yaradılıb. Hər kəs söz və fikir azadlığına sahibdir. Eyni zamanda, Azərbaycan mətbuatı regionda daha geniş miqyasda dövlət qayğısı ilə əhatə olunub. Yazılı və elektron KİV-lərin sayına baxanda bunu aydın görmək olar”.

Anar Tahirov qeyd edib ki, hər bir media orqanının rəhbəri çalışmalıdır ki, kollektiv daha peşəkar olsun, oxucuya, izləyiciyə ötürülən istənilən məlumatın xəbər yükü olsun. Ötürülən hər bir informasiya qarşı tərəfi təkcə əyləndirməsin, həm də maarifləndirsin:

“Belə olarsa, o zaman mətbuatımız daha güclü, sözümüz daha kəsərli olar. Və ən başlıcası, regional gücdən beynəlxalq oyunçuya çevrilməkdə olan Azərbaycan dövlətçiliyinə, Azərbaycan xalqına daha böyük xidmətlər göstərmiş olarıq. Ən əsası, Müzəffər Ali Baş Komandanın böyük hədəflər uğrunda mübarizəsində pay sahibinə çevrilə bilərik.

Sonda mən bir daha öz adımdan və rəhbəri olduğum “Bizim.Media”nın kollektivi adından möhtərəm Prezidentimizə təşəkkürümüzü bildirirəm. Və əmin etmək istəyirəm ki, “dördüncü hakimiyyət”in təmsilçisi olaraq ümummilli və dövlət maraqlarımız üçün daha böyük həvəs və əzmlə çalışacağıq”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top