Hüquqşünas: Məcburiyyətlər uşağın psixoloji inkişafına da mənfi təsir göstərə bilər

GÜNDƏM 15 iyul 2025, 19:03
Uşaqların dini geyimlərə məcbur edilməsi ilə bağlı cəmiyyətdə vaxtaşırı müzakirələr yaranır. Xüsusilə azyaşlı qızların hicaba məcbur edilməsi məsələsi həm dini, həm hüquqi, həm də pedaqoji baxımdan aktual mövzulardandır. Halbuki İslamın özündə "dində məcburiyyət yoxdur" prinsipi Quranın əl-Bəqərə, 256-cı ayəsində açıq şəkildə vurğulanır.

Hüquqşünas Aysel Süleymanova Demokrat.az-a açıqlama verib. 

O qeyd edib ki, bu məsələ, sadəcə ailədaxili seçim kimi deyil, uşağın fərd kimi formalaşması və hüquqlarının qorunması kontekstində qiymətləndirilməlidir:

“Dini ibadət və geyim formaları şəxsin öz iradəsi ilə seçilməlidir. Uşaq isə bu seçimi edə biləcək psixoloji və intellektual yetkinlikdə olmadığından, onu hansısa dini tələblərə məcbur etmək, əslində dinin mahiyyətinə də ziddir. Hüquqi baxımdan, Azərbaycan Respublikasının Konstitusiyası və “Uşaq Hüquqları haqqında” Qanun uşağın şəxsiyyətinin azad inkişafını təmin etməyi və onun mənəvi, psixoloji, intellektual bütövlüyünün qorunmasını nəzərdə tutur. Valideynlər uşaqlar üzərində tərbiyə hüququna malikdirlər, lakin bu hüquq onların uşağa psixoloji və ya sosial təzyiq göstərməsi anlamına gəlmir. Əgər azyaşlı bir uşaq dini geyimə öz iradəsi və anlayışı olmadan, təzyiqlə, zorla və ya sosial təcrid qorxusu ilə məcbur edilirsə, bu, uşağın hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Bununla yanaşı, belə hallarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi, eləcə də Uşaq Ombudsmanı məsələyə müdaxilə etmək, valideynlərlə maarifləndirici iş aparmaq və zərurət yaranarsa, qanunvericilik çərçivəsində tədbir görmək səlahiyyətinə malikdir. Bu cür məcburiyyətlər uşağın psixoloji inkişafına da mənfi təsir göstərə bilər. Azyaşlı uşağın özünü fərqli hiss etməsi, yaşıdlarından ayrılması, bəzən zorla dini geyimə məcbur edilməsi onun özünəgüvəninin sarsılmasına, ictimai adaptasiyada çətinliklərə səbəb ola bilər. Bu da sonradan emosional pozuntulara və sosial təcridə yol aça bilər”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyul 2025, 22:58
Top