
1823-cü ildə yaradılmış Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) 1980-ci ildən bəri Şeyxülislam Allahşükür Paşazadə rəhbərlik edir. Bu günlərdə qurumun bir sıra səlahiyyətləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilsə də, QMİ bölgədəki nüfuzunu qoruyub saxlayır. İdarənin indiyə kimi ayaqda durmasını Allahşükür Paşazadənin nüfuzu ilə bağlayanlar çoxdur
Bəs Allahşükür Paşazadədən sonra qurumu nə gözləyir? O, fəaliyyətini dayandıra bilərmi?
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov Modern.az-a bildirib ki, dünya dövlətlərinin mütləq əksəriyyətinin idarəçiliyində din amili böyük rol oynayır:
"Dini mərkəzlər xüsusi əhəmiyyətə malikdir. Bu gün təkcə bizdə yox, Gürcüstan, Ermənistan, o cümlədən də Rusiyada belə idarələr var. Həmin idarələr çox geniş fəaliyyətə və əhatəyə malikdir. Ona görə belə müəssisələrin olması önəmlidir. Qafqaz Müsəlmanları İdarəsi müstəqillik dövründə üzərinə düşüən vəzifələri yerinə yetirməyə çalışıb. Azərbaycanla digər müsəlman ölkələri arasında əlaqələrin qurulub saxlanılması, erməni kilsəsi ilə danışıqların aparılması və sair istiqamətlərdə QMİ-nin fəaliyyəti böyük olub. Bu gün də o fəaliyyət mövcuddur.
Hesab edirəm ki, hələ də QMİ ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyət məsələlərində müəyyən dəqiqləşdirmələrə ehtiyac var. Sərhədlər tam müəyyənləşməyib. Sərhədlərin tam müəyyənləşdirilməməsi bir sıra hallarda mübahisələrə aparıb çıxarır. Yəni ümumən əksər məsələlər tənzimlənib. Ancaq müəyyən məsələlərin daha da dəqiqləşdirilməsinə ehtiyac var".
Deputat onu da vurğulayıb ki, Qafqaz Müsəlmanları İdarəsində müəyyən islahatların aparılmasına ehtiyac var:
"Qurumun fəaliyyəti daha da təkmilləşdirilməli, yüksək səviyyəyə qaldırılmalıdır. Çünki söhbət Qafqaz Müsəlmanları İdarəsindən gedir. Biz imkan verməməliyik ki, gələcəkdə hansısa başqa ölkə bu idarəni özünə götürsün. Ona görə də düşünürəm ki, bu idarənin fəaliyyəti önəmlidir. İslahatlar aparılmalı, qurumun fəaliyyəti daha da güclənməlidir. QMİ dövlət təşkilatı deyil. Ona görə burada beynəlxalq təcrübəni nəzərə aldıqda, bəzi məsələlər daha açıq nəzərə çarpır. Düşünürəm ki, həmin məsələlərdə elə addımlar atmalıyıq ki, QMİ daha da güclü olsun".