Baş redaktor: "İranın molla rejimi Azərbaycanın güclənməsinə qarşıdır"

SİYASƏT 04 iyul 2025, 13:10
"Suverenliyimizi qəbul etməkdə çətinlik çəkənlər biz gücləndikcə qarşımıza təxribatlarla, dezinformasiyalarla çıxırlar. 

İranla münasibətlər bizim tərəfimizdən pozulmur. İsraillə müharibə zamanı rəsmi səviyyədə bəyan edildi ki, Azərbaycan əraziləri heç bir ölkəyə qarşı istifadə edilməyəcək. Bu, dövlətin rəsmi mövqeyidir. Azərbaycan diplomatiyası Prezidentin rəhbərliyi ilə uğurlu siyasət aparır və dövlət milli maraqlarımızı qoruyur".

Bu sözləri Demokrat.az-a açıqlamasında "Cümhuriyyət" qəzeti və "Cebhe.info" xəbər portalının rəhbəri, siyasi şərhçi Rəfail Becanov deyib. 

O bildirib ki, bizim maraqlarımız qonşu ölkələrdə dağıdıcı kataklizmlərə cavab vermir:

"Ona görə də sülh yolunu hər zaman məqbul hesab edirik. Bu yanaşma da dəfələrlə diplomatik formada bütün dünyaya çatdırılıb. Hətta döyüşlər davam edərkən diplomatik kanallarla İsrailə tərəfinə azərbaycanlıların yaşadığı yaşayış məntəqələrini hədəf götürməmək, mülki infrastruktura və dinc əhaliyə zərər yetirməməklə bağlı mesaj göndərildi.  Azərbaycan öz mövqeyini bu şəkildə ortaya qoydu".

Onun sözlərinə görə, İran Azərbaycanı günahlandırmaq yerinə, təhlükəsizlik tədbirləri ilə məşğul olsaydı daha yaxşı olardı:

"Onların qırmızı xətti Zəngəzur deyildi, qırmızı xətti başqa yerdə axtarmalı idilər. Siyasi yanlışlığın, hərbi natamamlığın hesabına İsrailin hücumları qarşısında aciz duruma düşdülər. Kapitulyasiyanın bir addımlığından ABŞ-nin səyi ilə qurtuldular. Reallıq budur. Bu məsələlərdə Azərbaycanın günahı yoxdur. Hücum edən də, hücum edəni müdafiə edən də bəllidir. Azərbaycanı günahlandırmaq İranın ənənəvi münasibətindən irəli gəlir. İran bizə qarşı məkrli siyasətindən əl çəkmir. 
İranın Azərbaycana yeni təyin olunmuş səfiri öz etimadnaməsini təqdim edəndən sonra mediaya açıqlamlamasında bildirdi ki, Azərbaycan əraziləri İrana qarşı istifadə olunmayıb və belə bir fakt yoxdur. Lakin İran mediası hələ də dediyini deyir, bizə böhtan yağdırır. 

Hesab edirəm ki, bu, medianın öz təşəbbüsü, yanaşması deyil. İranın dövlət idarəçiliyindən bu istiqamətdə verilən mesajların tirajlanmasıdır.

İranın molla rejimi Azərbaycanın müstəqilliyinə, güclənməsinə qarşıdır. Azərbaycana qarşı edilən hərəkətlərin arxasaında dayanan yeganə fikir budur. 

İran Prezidenti Məsud Pezeşkian Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatında (ECO) iştirak edəcək. Belə bir zamanda bu addımlar təxtibat xarakteri daşıyır. Təbii ki, arxasında İranın hakim molla eliatsı dayanır. Torpaqlarımızı azad etmək, güclü ordu, xalq-Prezident birliyi, sabitlik, uğurlu xarici diplomatiya, daxili həmrəylik Azərbaycanı inkişafa aparır. Bunu  qəbul etmək onlar üçün ağırdır. İranın molla elitasının məqsədi oradakı soydaşlarımızda bizim və onların tək müstəqil dövlətinə qarşı kin yaratmaq cəhdidir. İnkar etmək olmaz ki, oradakı soydaşlarımızın bir qismi məhz xarici təsir ucbatından İsrailə qarşı mənfi münasibtədədir. İranın dini hakimiyyəti də bundan istifadə edərək bizə qarşı onlarda əks fikir formalaşdırmağa çalışır".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 iyul 2025, 15:35
Top