Bəzi məktəblərdə minlərlə şagird təhsil alır, bəzilərində isə yer yoxdur — AÇIQLAMA

SOSİAL 02 iyul 2025, 14:52
Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib ki, binaların həyətində market və başqa yerlər açılana qədər məktəbəqədər təhsil müəssisəsi açılsa, daha yaxşı olar: 

"Sahibkarlara da bu məsələdə dəstək verilməlidir. Bu da sağlam gələcəyimizin formalaşmasında vacib şərtlərdən biridir. Elə müəssisələr var ki, orada hər uşağa görə 7 min illik ödəniş tələb edilir. Bu kimi məsələlərə də baxmaq lazımdır ki, hər bir ailənin buna imkanı çatsın”.

Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Demokrat.az-a açıqlamasında deyib ki, son illər Azərbaycanda yeni yaşayış sahələrinin sürətlə genişlənməsi müşahidə olunur:

“Lakin bu artım əksər hallarda təhsil infrastrukturunun inkişafı ilə uzlaşmır. İnsanlar sevinc hissi ilə yeni mənzillər alır, torpaqlar əldə edir, binalar tikilir. Sonra məlum olur ki, həmin ərazidə nə məktəb, nə bağça, nə də hər hansı bir təhsil müəssisəsi mövcuddur. 

Bu problem təkcə idarəçilik yox, həm də sosial məsələdir. Yeni ərazilərə köç edən ailələr təbii olaraq övladlarının məktəbə rahat getməsini gözləyirlər. Lakin çox vaxt belə imkanlar olmur. Bu isə haqlı narazılıqlar doğurur. 

Paytaxt Bakı ilə ətraf ərazilər, məsələn, Masazır arasındakı fərq xüsusilə nəzərə çarpır. Bəzi məktəblərdə minlərlə şagird təhsil alır, bəzilərində isə yer belə yoxdur. Bu, təhsilin keyfiyyətinə ciddi təsir göstərir. Problem şəhərsalmanın plansız və tələsik həyata keçirilməsindən qaynaqlanır. İnvestorlar binalar tikir, lakin bu ərazilərdə təhsil müəssisələrinin olması planlaşdırılmır”. 

Ekspert qeyd edib ki, dövlət orqanları və bələdiyyələr də bu məsuliyyəti üzərlərinə götürməkdə ləngiyirlər:

“Nəticədə insanlar yaşayış yeri əldə etsə də, övladlarının təhsili ilə bağlı çətinlik çəkirlər. 

Digər tərəfdən, keçmiş SSRİ dövründən qalan məktəb və təhsil müəssisələrinin yerlərinin ticarət obyektlərinə çevrilməsi, özəl maraqlarla ələ keçirilməsi də vəziyyəti daha da pisləşdirir. Təhsil bir xidmət deyil, cəmiyyətin dayağıdır. Təhsilsiz nə inkişaf olar, nə də gələcək. 

Xüsusilə narahatedici məqam təhsilin biznesə çevrilməsidir. Məsələn, bir uşağın illik təhsil haqqı 7000 manat təşkil edir bu isə orta statistik Azərbaycan ailəsi üçün əlçatan deyil. Halbuki Avropa ölkələrində ali təhsil bəzən tamamilə ödənişsizdir. 

Deputat Siyavuş Novruzovun səsləndirdiyi fikirlər bu problemlərin cəmiyyətin diqqətinə çatdırılması baxımından olduqca əhəmiyyətlidir. Onun çıxışı yalnız siyasi mövqe deyil, həm də ictimai məsuliyyət çağırışıdır. Bu çağırış tək qalmalı deyil dövlət qurumları, icra orqanları, yerli özünüidarəetmələr və iş adamları birlikdə bu problemlərə həll yolları tapmalıdır. Təhsil lüks deyil, zərurətdir. Biz bugün gələcəyi qururuq. Bu gün atılan və ya atılmayan addımlar sabahın Azərbaycanını formalaşdıracaq”.


Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top