Hikmət Babaoğlu: "Rusiyada azərbaycanlılara qarşı hücumlar təsadüfi deyil"

GÜNDƏM 28 iyun 2025, 15:39
"Rusiyada azərbaycanlılara qarşı baş verən son hadisələrdə açıq şəkildə cinayət tərkibinin olması istisna deyil".

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

"Mümkün deyil ki, bir evdə yaşayan ailədə və ya hər hansı bir cinayət hadisəsində iştirak edənlərin hamısı təsadüfən azərbaycanlı olsun. Hətta belə bir hal baş versə belə, bir cinayətin kollektiv şəkildə törədilməsi mümkün deyil. Burada Rusiyanın müxtəlif dövlət qurumlarının və güc strukturlarının məqsədli fəaliyyəti açıq şəkildə görünür. Baş verən zorakılıq hadisəsi Rusiyanın müəyyən güc strukturlarında çalışan vəzifəli şəxslər tərəfindən xüsusi məqsədlə törədilir", - deyə deputat vurğulayıb.

O qeyd edib ki, 25 il əvvəl baş vermiş hər hansı bir cinayət hadisəsi ilə bağlı indi əməliyyat aparılması və hüquqazidd addımların atılması ciddi suallar doğurur:

"Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məsələ ilə bağlı verdiyi açıqlama və Rusiyanın müvəqqəti işlər vəkilinin XİN-ə çağırılaraq xəbərdar edilməsi mühüm addımdır və bunun nəticə verəcəyinə inanıram. Əgər bu zorakılığı törədənlər Rusiyanın siyasi iradəsindən kənar hərəkət ediblərsə, onlar mütləq cəzalandırılmalıdır. Əgər cəzalandırılmayacaqlarsa, bu, artıq siyasi qərar kimi dəyərləndirilməlidir. Bu baxımdan, baş verənləri hələlik Rusiya-Azərbaycan münasibətləri kontekstində qiymətləndirmək tezdir. Lakin azərbaycanlılara qarşı törədilən bu kütləvi zorakılıq cəzasız qalarsa, bu zaman hadisənin arxasında siyasi səbəblər axtarmağa məcbur qalacağıq".

Deputat əlavə edib ki, istənilən halda baş verən hadisələr qəbuledilməzdir:

"Heç bir halda hər hansı bir cinayəti törətmiş şəxs polis zorakılığına məruz qalmamalı və ya öldürülməməlidir. Hər bir cinayətkara cəzanı yalnız məhkəmə verə bilər. Bu, həm Rusiyada, həm də bütün dünyada belədir. Hadisə qətiyyətlə pislənməli və Azərbaycan tərəfi Rusiyanın müvafiq qurumlarından aydın və əsaslandırılmış cavab gözləməlidir".

Xatırladaq ki, iyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində 50 azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Hadisə nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları, həmçinin onların əmisi oğulları Kamal Qədiməli oğlu Səfərov, Ayaz Möhbalı oğlu Səfərov və onun qardaşı Məzahir Möhbalı oğlu Səfərov öldürülüblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top