Bakıda direktor cəzalandırılacaq: "Məktəbin həyətində işçilərə avtomobil yudurdur"

SOSİAL 26 iyun 2025, 22:08
Bakının 240 nömrəli tam orta məktəbində vəzifə səlahiyyətlərindən sui-istifadə və qeyri-qanuni fəaliyyətlərlə bağlı iddialar yayılıb.

Demokrat.az
Oxu.az-a istinadən xəbər verir ki, məktəbin direktoru Esmira Məmmədova və direktor müavini Arifə Məmmədovaya məxsus olduğu bildirilən avtomobillər - 77-PV-515 və 77-YG-944 dövlət nömrə nişanlı nəqliyyat vasitələri məktəbin ərazisində saxlanılır və məktəbin texniki işçiləri tərəfindən yuyulur. Halbuki mövcud qaydalara əsasən, məktəb ərazisinə şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır.

İddialara əsasən, Arifə Məmmədova məktəbdəki vəzifəsindən şəxsi məqsədlər üçün istifadə edir. Onun dərs saatlarını digər müəllimlər və laboratoriya əməkdaşlarına ötürərək dərsdən yayınması, eyni zamanda məktəbin işçilərinə şəxsi işlər gördürməsi ilə bağlı görüntülər də ortaya çıxıb.

Daha öncə Şəmkir rayonunda çalışdığı dövrdə də Arifə Məmmədovanın adı qalmaqallı iddialarda hallanıb. Belə ki, onun altı nəfərdən 2 500-3 000 manat civarında pul alaraq məktəbdə texniki işə düzəldəcəyi vədini verdiyi, lakin bu vədini yerinə yetirməyərək bölgəni tərk etdiyi bildirilir. Pulunu geri tələb edən şəxslərə isə aylarla "hazırda yoxdur, sonra qaytaracağam" cavabını verdiyi deyilir.

Ən diqqətçəkən məqamlardan biri isə direktor Esmira Məmmədovanın iddia edilən qalmaqallı açıqlamalarıdır. Onun yaxın çevrəsində "Hesabımı vermişəm, sentyabrda yenidən direktor vəzifəmə qayıdacağam. Mətbuat nə yazır yazsın, hər şeyin qiyməti var - verirsən, işin həll olunur" kimi ifadələr işlətdiyi iddia olunur.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 240 nömrəli məktəbin həyətində məktəb direktoruna və direktor müavininə məxsus avtomobillərin texniki işçilər tərəfindən yuyulması ilə bağlı məsələ araşdırılır.

Həmçinin qeyd olunub ki, araşdırma çərçivəsində aidiyyəti şəxslərdən izahat alınıb:

"Məktəb direktoru barəsində məktəbin fəaliyyət sahəsinə uyğun olmayan hallara yol verdiyinə görə qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top