Ordumuz sayəsində regionda söz sahibiyik — Arzuxan Əlizadə

HƏRBİ 26 iyun 2025, 13:05
“Prezident İlham Əliyev orduda bir çox islahatların keçirilməsinə dair qərarlar verdi və ordunun möhkəmləndirilməsi, müasir texniki avadanlıqlarla təchizinə diqqət ayrıldı, büdcədən böyük vəsaitlər ayrıldı. Nəticədə, bu gün Azərbaycan regionun ən güclü ordusudur desək, yanılmarıq. 2020-ci ildəki 44 günlük savaşda ordumuzun güc və qüdrətini gördük. Ordumuz 5-ci nəsil silahlardan istifadə etməklə bir hərbi performans göstərmiş oldu. Müharibədən sonra dünyanın bir sıra ölkələrinin hərbi dərsliklərinə Azərbaycan ordusunun göstərdiyi bu performans daxil edilib”.

Bunu Demokrat.az-a açıqlamasında AMİP sədri, millət vəkili Arzuxan Əlizadə deyib. Ordumuzun tarixindən danışan deputat qeyd edib ki, əsl nizami ordunun təşkili Heydər Əliyevin ikinci hakimiyyət dövründə start götürmüşdür:



“Şərqdə ilk demokratik respublika olan AXC-nin Nazirlər Şurası 1918-ci il iyunun 26-da Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə bağlı qərar verdi. Həmin qərara uyğun olaraq müstəqil dövlətin ordusunun yaradılması ilə bağlı ilk addımlar atılmış oldu. İlkin olaraq ordu 25 min nəfərdən təşkil olunurdu. Nəzərdə tutulmuşdu ki, qısa müddət ərzində 40 min nəfərlik ordu formalaşdırılsın. Təəssüf ki, bolşeviklər tərəfindən işğal edilən Azərbaycan uzun müddət öz ordusuna sahib olmadı.

Nəhayət, 1991-ci ildə biz müstəqillik əldə etdikdən sonra ordu quruculuğu istiqamətində addımlar atılmağa başlandı. Ölkə işğalla üz-üzə idi, müharibə gedirdi, nizamlı ordu yaratmaq da çətin idi. İlkin olaraq könüllü batalyonlar şəklində ordu yaradılmışdı, amma bu, nizami ordu deyildi.

Əsl ordu quruculuğuna isə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə başlanıldı. 1993-cü ilin sonlarından başlayaraq nizami ordu qurulması istiqamətində ciddi addımlar atıldı. Bunun üçün müəyyən baza da var idi. Heydər Əliyev birinci dəfə hakimiyyətdə olduğu dövrdə Cəmşid Naxçıvanski adına ali hərbi məktəbin Bakıda təsis olunmasına nail olmuşdu. Zabit heyətinin formalaşmasında bu təhsil ocağının müstəsna xidmətləri olmuşdur.

Bu gün ordumuz güclənməkdədir. Azərbaycan ordusu regionda reallıqları dəyişib, ordumuzun güc və qüdrəti sayəsində regionun söz sahibinə çevrilmişik”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top