Azərbaycana keyfiyyətsiz dərmanlar idxal edilir? — Professordan AÇIQLAMA

SOSİAL 25 iyun 2025, 12:11
“Azərbaycan dərman sahəsində idxaldan asılı ölkədir və ayrı-ayrı ölkələrin dərman preparatları bizim ölkəmizə idxal edilir – Hindistanın, Rusiyanın, Belarusun, Ukraynanın, Almaniyanın və s. Bunların da keyfiyyət parametrlərində müəyyən fərqlər var. Bu təkcə keyfiyyətə yox, istehsal texnikasına, rafinasiyaya da aiddir. Ona görə də dərmanların keyfiyyətsiz olması ilə bağlı müxtəlif fikirlər olur”.

Bunu Demokrat.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. 

O bildirib ki, dərmanlarla bağlı söz-söhbətlərin bəzilərinin əsasları yoxdur:

“Dərman gəlir, analitik ekspertiza laboratoriyasında yoxlanılır və satışa buraxılır. Əlbəttə, bəzən olur ki, Avropa ölkələrinin dərmanları üçüncü dünya ölkələrinin istehsal etdiyi dərmanlardan keyfiyyət cəhətdən daha yüksək olurlar. Bütün məhsullar kimi, dərmanlar da o cümlədən. Amma onların keyfiyyət parametrlərində elə ciddi fərqlər yoxdur”. 

Professor qeyd edib ki, dərmanları qardaş Türkiyədən idxal etməyə meyillənsək, daha yaxşı olar:

“Türkiyənin dərmanları beynəlxalq standartlara cavab verir. Rusiya və Ukraynadakı vəziyyəti bilirsiniz, bu ölkələrdən artıq ölkəmizə idxalın həcmi getdikcə azalmaqdadır. Tədricən mühüm dərmanların öz ölkəmizdə istehsalına keçməyin zamanıdır”.


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top