“Afrika və Azərbaycan universitetləri eyni sıralardadır” — Sabiq deputat

SOSİAL 18 iyun 2025, 13:44
“Times Higher Education Impact Ranking 2025” siyahısı açıqlanıb. Siyahıda Azərbaycanın 25 universiteti yer alıb. Lakin onlardan cəmi ikisi ortabab sayıla biləcək 400–600-cü yerlərdədir. Digər iki universitet 800–1000, 4 universitet 1000–1500, qalanı isə 1500+ sıralarında yer tutublar. Hansı ki, bu sıralarda Nigeriya, Keniya kimi Afrika ölkələrinin də universitetləri sıralanıb. 

Mövzu ilə bağlı Demokrat.az-a danışan sabiq deputat Etibar Əliyev bildirib ki, bu reytinqdən görünür ki, Azərbaycan universitetlərinin mövqeyi ürəkaçan deyil:

“Bu reytinqlərdə müxtəlif kriteriyalar nəzərə alınır – xarici tələbələrin cəlb olunması, professor-müəllim heyətinin məqalələri və məqalələrinə istinadların sayı, əmək bazarında məzunların iş tapmaları, universitetlərin rəqəmsal varlığı. Bizdə, bir neçəsi istisna olmaqla, əksər universitetlərin saytına baxsanız, görərsiniz ki, rektorun təbliğatı ilə məşğuldurlar. Universitet müəllimləri açıq mühazirələr keçirmirlər, əksər universitetlər öz kitabxanalarını yeniləmirlər. Bunlar hamısı reytinq təşkilatları tərəfindən izlənilir”.

Etibar Əliyev bildirib ki, yaxşı universitet – yaxşı müəllim, qabaqcıl proqramların tətbiqi deməkdir:

“Yeni, müasir dərsliklərin yazılmasında ciddi problem var. Tələbələr üçün istər dərslik, istər elmi-kütləvi ədəbiyyatların tərcüməsində çox ciddi problemlər var. Universitetlərin laboratoriyaları köhnədir. Universitet tələbələrə bilik verməklə yanaşı, tədqiqatlara cəlb etməlidir, tənqidi düşüncə tərzini formalaşdırmalıdır. Universitetlərin əksəriyyəti maraqlı deyil ki, tanınmış alimlər mühazirələrə dəvət edilsinlər”.


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top