Amaliya Pənahovanın anadan olmasından 80 il ötür

MƏDƏNİYYƏT 15 iyun 2025, 12:55
Bu gün korifey sənətkarlar pleyadasının axırıncı mogikanlarından biri, görkəmli teatr və kino aktyoru, 54 il müddətində milli teatr və kino sənətinin aparıcı simalarından olmuş Amaliya Pənahovanın anadan olmasından 80 il ötür.

Demokrat.az bu münasibətlə Xalq artistinin həyat və yaradıcılığının bəzi məqamlarına nəzər salır.

Yaşasaydı bu gün 80 yaşını qeyd edəcəkdi sevimli sənətkarımız Xalq artisti Amaliya Pənahova. 1964-cü ildə 19 yaşlı Amaliya Pənahova səhnə stereotiplərini qıraraq, dramaturq İlyas Əfəndiyevin "Mənim günahım" pyesindəki Nurcahan personajı ilə səhnəyə çıxdı. Azərbaycan tamaşaçısı gənc azərbaycanlı xanımı səhnədə olduğu kimi gördü. Amaliya Pənahova Azərbaycan səhnəsinə yeni nəfəs gətirdi, qadının daxili psixoloji dünyasını aşkara çıxararaq, onu tamaşaçı üçün daha da aydın etdi. Halbuki psixoloji məqamların açılması daha çox kino sənətinə uyğun prinsip olsa da, Amaliya xanım istedadı sayəsində bunu birbaşa teatr səhnəsindən etməyə müvəffəq oldu.

Onun səhnədə yaratdığı “Sən həmişə mənimləsən”də Nargilə, “Pəri Cadu”da Pəri, “Oqtay Eloğlu”da Firəngiz, “Vaqif”də Xumar, “Nişanlı qız”da, Şəlalə və Zərifə, “Təhminə və Zaur”da Təhminə, “Xurşidbanu Natəvan”da Natəvan, “Mənim günahım”da Ayqız, “Unuda bilmirəm”də Nərmin, “Mahnı dağlarda qaldı”da Şahnaz, “Bizim qəribə taleyimiz”də Nərmin, “Qəribə oğlan”da Kəmalə, “Şeyx Xiyabani”də xanım Mahnur, “Büllur sarayda” Aynur, “Tənha iydə ağacı”nda Sürəyya, “Sevgililərin cəhənnəmdə vüsalı”nda Mədinə, “Hamlet”də Birinci cadugər, “Məkr və məhəbbət”də Luiza, “Cehizsiz qız”da Larisa, “Nazirin xanım”da Anka, “Medeya”da Medeya, “Adsız ulduz”da Naməlum qadın, “Meşşanlar”daTatyana, “Qanlı Nigar”da Nigar və digər rollar, televiziya və bədii filmlərində yaratdığı saysız-hesabsız, rəngarəng obrazlar hər zaman yada düşür. M.Əlizadənin “Mən gözəl deyiləm”, Ç.Aytmatovun “Qırmızı yaylıqlı qovağım mənim”, M.Bayciyevin “Duel”, N.Hikmətin “Bayramın son gecəsi”, J.Koktonun “İnsanın səsi”, L. Zorinin “Varşava təranələri”, R.Qasımovanın “Ömrün yollarında”, M.F.Axundzadənin “Lənkəran xanının vəziri”, İ.Əfəndiyevin “Beş manatlıq lüstr”, M.İbrahimovun “Mədinənin ürəyi” və başqa teletamaşalarında rəngarəng, baxımlı və yaddaqalan obrazlar qalerayasa hər zaman göz qarşısında canlanır.

Amaliya Pənahova yaradıcılığının böyük bir hissəsi kino sənəti ilə bağlıdır. Amaliya xanımın kinoya gəlişi onun üçün heç də çətin olmadı. Çünki aktrisa səhnədə ikən belə söz və plastikanın misilsiz vəhdətini yaratmağa nail olmuşdu. "Əhməd haradadır?" filmində Məsmə epizodik rolu ilə diqqətə çəkən Amaliya Pənahova, "Cazibə qüvvəsi", "Sən niyə susursan?", "Həyat bizi sınayır", "Xatirələr sahili", "Səmt küləyi", "Mezozoy əhvalatı", "Qəribə adam", "Mən mahnı qoşuram", "Gözlə məni" ("Mahnı dağlarda qaldı") bədii filmlərində rəngarəng personajlar yaradır.

Amaliya xanımın kino yaradıcılığında "Babək" epik filmində yaratdığı Zərnisə obrazı xüsusilə diqqətçəkəndir. Aktrisa Zərnisəni təkcə güclü, məğrur, eyni zamanda, bic lider qadın olaraq təqdim etmir, ssenaridən gələn məziyyətlərə uyğun olaraq, qayğıkeş ana kimi göstərməyə çalışır. Ümumiyyətlə, Amaliya Pənahova kino personajlarına bir xətli yanaşmayıb, hər dəfə personajların alt qatlarında gizlənən "mən"ləri taparaq üzrə çıxarmağa çalışıb. Amaliya xanım kino üçün xarakterik olan iri planlar aktrisası idi, o, istənilən dramatik məqamı gözləri və sifət ifadələri ilə aydın şəkildə çatdıra bilirdi. Onun, tamaşaçıların sevə-sevə baxdıqları "Arxadan vurulan zərbə" detektivində yaratdığı Ziba obrazını da - burada artıq personaj yox, obraz sözünü işlədirik - xüsusi qeyd etmək lazımdır. Zibanın "Ə bu nə maşındır gətirmisən, başqa maşın tapılmadı mənə?" xitabı ilə Amaliya Pənahova çarəsiz vəziyyətdə qalsa da, çıxış yolu tapmağa çalışan qadının narahatlığını ustalıqla ifadə edə bilmişdi. Bu ifadə film ekranlara çıxandan sonra dillər əzbəri olmuşdu. Bu isə birabaşa Amaliya Pənahova peşəkarlığının uğurundan xəbər verirdi. 2007-ci ildə Amaliya Pənahovanın çəkildiyi "Nəfəs" qısametrajlı bədii filmindəki Ağabəyim personajı aktrisanın gənclərə hər zaman dəstək olmasından xəbər verirdi. Filmdə gəldikdə isə, digər kino personajlarından fərqli olaraq, bu filmdə Amaliya xanım oyun texnikasını müəllif kinosunun tələblərinə uyğunlaşdıra bilmişdi.

Amaliya Pənahova 1974-cü ildə Azərbaycanın Əməkdar artisti, 1985-ci ildə Xalq artisti fəxri adına layiq görülmüşdü, 2015-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu ilə təltif edilmişdi.

Amaliya Pənahovanın sənət ulduzu çox erkən -19 yaşında parladı və ömrünün sonuna qədər sönmədi. Özündən sonra seçib, teatra dəvət etdiyi istedadlı aktyorlardan ibarət Bakı Bələdiyyə Teatrı adlı sənət ocağını bizə yadigar qoyub getdi....

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyun 2025, 18:31
Top