
"Zəvvarların geridönüş qrafikində heç bir dəyişiklik olmayacaq. 180 nəfərə yaxın ilk zəvvar qrupu sabah AZAL-la Azərbaycana qayıdacaq".
Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri bildirib.
"Baş verən son hadisələrlə əlaqədar, (İsrailin İrana endirdiyi hava zərbələri - red.) Həcc ziyarətindən gələn zəvvarların Azərbaycana qayıtmasında heç bir problem yaranmayacaq. İlk qrup sabah axşam saatlarında Azərbaycana çatacaq", - V.Cahangiri bildirib.
O qeyd edib ki, 100 nəfərə yaxın sonuncu zəvvar qrupunun isə iyunun 20-dən 21-ə keçən gecə Azərbaycana yola düşməsi planlaşdırılıb.
Xatırladaq ki, bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1250 kvota yeri ayrılıb. Həmçinin ilk zəvvar qrupu mayın 25-də yola düşüb.