Tarixi Zəfərimiz, bütövləşən Azərbaycan Qurtuluşdan başlanan inkişaf yolunun zirvəsidir

GÜNDƏM 15 iyun 2025, 17:55
Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan 15 iyun 1993-cü il tarixindən bizləri 32 illik zaman ayırır. İllər keçdikcə bu günün əhəmiyyətini, Azərbaycanın müstəqilik tarixində rolunu daha aydın şəkildə dərk edirik. 32 il zaman baxımından böyük olmasa da, uğurların zənginliyi ilə bir əsrə bərabər yol kimi dəyərləndirilir. Hər bir önəmli hadisə, bayram tədbiri daim keçirilən yolun təhlilini bir zərurət kimi ortaya qoyur.

Müstəqilliyin bərpasının ilk illərində ölkəmizdə xaos, anarxiya yaşanırdı. AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-sü ilin əvvəllərindən başlayaraq törətdikləri qanunsuz əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması, bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Ulu Öndər Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü də sonda Heydər Əliyevdən imdad istədi.

1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Bakıya gəldi. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirərək, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı. 1993-cü il iyunun 15-də Heydər Əliyev  Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi.

Ümummilli Liderin möhtəşəm qayıdışı olmasaydı və Milli Qurtuluş baş tutmasaydı Azərbaycan adlı dövlətin varlığından danışmaq mümkün olmazdı. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü müasir Azərbaycan tarixinin şanlı qürur səhifəsidir.

Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qalib Azərbaycanın vətəndaşı olmağı ilə qürur duyur, gələcəyə böyük inamla addımlayır. Bu inamı, əminliyi yaradan təbii ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı oldu. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Azərbaycanda problemlər Ümummilli Lider Heydər Əliyevin qətiyyəti və yüksək idarəçiliyi sayəsində öz həllini tapmağa başladı. Ölkədə sistemli iqtisadi islahatlar həyata keçirildi. Azərbaycanın taleyində əhəmiyyətli rol oynayan neft strategiyası işlənib hazırlandı. Bu da öz növbəsində həm insanların, həm də ölkəmizin iqtisadi inkişafına böyük töhfələr vermiş oldu.

   Milli Qurtuluş Günundən başlanan tarixi yol uğurludur. Azərbaycanın bugünkü inkişafı, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət də Qurtuluşdan başlayır, ondan güc alır.  Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Milli Qurtuluş Günündə böyük fəxrlə bəhs etdiyimiz tarixi Zəfərimiz, bütövləşən Azərbaycan 1993-cü ildən başlanan inkişaf yolunun zirvəsidir.


Səlim Rəhimzadə,
"Suraxanı Oyl S.A” Əməliyyat Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top