Mina qurbanlarına aid fotolar Avropanın bir sıra şəhərində sərgilənəcək

SOSİAL 13 iyun 2025, 11:53
“Gilavar Foto Klubu” ictimai birliyi tərəfindən Azərbaycanda mina qurbanlarına həsr olunan layihələr davam etdirilir.
 
Həyata keçirilən “Mina qurbanlarının Avropa fotosərgiləri” adlı növbəti layihənin məqsədi müxtəlif dövrlərdə mina partlayışları və partlamamış hərbi sursatların partlaması nəticəsində zərərməkmiş insanların düşdüyü vəziyyətləri fotolar vasitəsi Avropa cəmiyyətinə və hədəf ölkələri ziyarət edən turistlərə çatdırmaqdır.
 
Adıçəkilən layihə 2024-cü ildə Birlik tərəfindən həyata keçirilən “Təhlükənin kulMİNAsiya nöqtəsi” adlı fotolayihənin davamıdır. Həmin layihə zamanı Çex Respublikasının paytaxtı Praqa şəhərinin mərkəzi meydanlarında açıq havada iki gün ərzində fotosərgilər keçirilib.
 
Layihə çərçivəsində Avropanın bir neçə şəhərində, Fransanın Paris və Strasburq, Belçikanın Brüssel, Niderlandın Haaqa, Almaniyanın Berlin və Nürnberq şəhərlərində mina qurbanlarına həsr olunan sərgilərin keçirilməsi nəzərdə tutulur. Sərgilərin cari ilin avqust-sentyabr aylarında açıq havada və insanların sıx toplaşdığı məkanlarda keçirilməsini planlaşdırır. Bu şəhərlərin seçilməsində məqsəd, orada bir sıra nüfuzlu beynəlxalq təşkilatların yerləşməsidir.
 
İşğaldan azad olunan ərazilərdə və keçmiş təmas xətti ətrafı bölgələrdə mina və partlamamış hərbi sursatlar hələ də insan həyatı üçün böyük təhlükədir. Onların fəsadları təkcə insanlara deyil, təbiətə, flora və fauna aləminə, atmosferə də mənfi təsir edir. “Gilavar Foto Klubu” qeyri-hökümət təşkilatı olaraq, mina problemini hər zaman diqqətdə saxlayır.
 
Qeyd edək ki, “Mina qurbanlarının Avropa fotosərgiləri” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top