Sosiloq: “Məktəb və bağçalarda eyni adların bolluğu uşaqlarda çətinliklər yaradır”

SOSİAL 11 iyun 2025, 15:49
Azərbaycanda 2025-ci ilin ötən dövrü ərzində (yanvar-may aylarında) uşaqlara ən çox verilən oğlan və qız adlarının siyahısı müəyyənləşib. Rəsmi məlumata görə, 2025-ci il ərzində 633 oğlan uşağına Uğur, 421 qız uşağına isə Zəhra adı qoyulub. Oğlan adlarının siyahısı üzrə ikinci yerdə Hüseyn (421), üçüncü yerdə Əli (408), dördüncü yerdə Raul (408), beşinci yerdə Yusif (399), altıncı yerdə Ömər (296), yeddinci yerdə Miran (238), səkkizinci yerdə Ayxan (230), doqquzuncu yerdə Murad (225), onuncu yerdə isə Tunar (215) gəlir. Qız adlarının siyahısında ikinci yerdə Zeynəb (392), üçüncü yerdə Melisa (387), dördüncü yerdə Məryəm (378), beşinci yerdə Ayla (366), altıncı yerdə Nilay (362), yeddinci yerdə Aylin (334), səkkizinci yerdə İnci (317), doqquzuncu yerdə Alisa (278), onuncu yerdə isə Miray (247) adları dayanır.

Sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlamasında deyib ki, bu proses bir tərəfdən dilin zənginləşməsinə, digər tərəfdən isə milli-mədəni dəyərlərin qorunmasına xidmət etməlidir:

“Milli kökə əsaslanan, soy və tariximizi əks etdirən adların uşaqlara verilməsi dilimizin inkişafı baxımından müsbət haldır. Əcnəbi adların uşaqlara verilməsi məsələsinə ehtiyatla yanaşımalıdır. Ad insanın enerjisini, xarakterini formalaşdıran mühüm faktorlardan biridir. Bu baxımdan uşağa milli dəyərləri əks etdirən adın verilməsi onun mənəvi kimliyinin formalaşmasında mühüm rol oynayır. 

Astroloqların da fikrincə, uşağa milli kimliyə uyğun ad verilməsi onun həyat enerjisinə, gələcək uğurlarına müsbət təsir göstərə bilər. Buna görə də, valideynlər ad seçərkən bu məqamları alsınlar və uşaqlarına milli kökə uyğun, Azərbaycan dilinə aid olan adlar qoymağa üstünlük versinlər”.

Sosiloq bildirib ki, adların çox təkrar olunması, xüsusilə də məktəb və bağçalarda eyni adların bolluğu uşaqlarda praktiki çətinliklər yaradır:

“Uşaqların bir-birindən fərqləndirilməsi üçün ləqəblərlə çağırılması isə psixoloji travmalara, komplekslərə səbəb ola bilər. Eyni adlı çoxsaylı şəxslərin hüquqi və inzibati proseslərdə fərqləndirilməsi də çətinlik yaradır. 

Məhəmməd kimi adların bəzi ölkələrdə müvəqqəti məhdudlaşdırılması da bu səbəbdəndir – sadəcə statistik və hüquqi qarışıqlıqların qarşısını almaq üçün. Dini adların qadağan olunması tərəfdarı olmaq radikal görünə bilər, amma balanslı yanaşma vacibdir. 

Yəni, valideynlərə ad seçərkən həm dini, həm də orijinal, az yayılmış adlar arasında seçim etməyi təşviq etmək faydalı olar. Bəlkə də adlar üzrə dövlət reyestrində adların yayılma statistikası göstərilərək, valideynlərə bu seçimdə yön verilsə, problem azalar”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top