"Keyfim çox yaxşı idi" — Toyda rep oxuyan Xalq artisti DANIŞDI

ŞOU-BİZNES 11 iyun 2025, 13:50
Sosial şəbəkələrdə xalq artisti, dünya şöhrətli muğam ustası Alim Qasımovun el şənliklərindən birində rep ifa etməsi ilə bağlı yayılan görüntülər geniş rezonans doğurub.

Sözügedən görüntülər sosial mediada sürətlə yayılıb və müxtəlif reaksiyalara səbəb olub. Bəzi izləyicilər bu addımı sənətkarın müasirliklə ayaqlaşmaq bacarığı kimi qiymətləndirərək alqışlasalar da, digərləri Alim Qasımovun sənət üslubuna uyğun olmayan bir tərzə müraciət etməsini tənqid ediblər.

Məsələ ilə bağlı AZXEBER.COM Xalq artisti ilə əlaqə saxlayaraq onun fikirlərini öyrənib.
 
Alim Qasımov videodakı ifasının əvvəlcədən planlaşdırılmadığını, hər şeyin təbii şəkildə baş verdiyini bildirib:

"Mən dünən bir el şənliyində iştirak edirdim. Ora sadəcə qonaq kimi dəvət olunmuşdum. Əhvalım o qədər yüksək idi ki, bir anda özüm də hiss etmədən belə bir improvizə alındı. Düşünürəm ki, orada olan insanlar bunu maraqla qarşıladılar. Tənqid edənlərin də fikrinə hörmətlə yanaşıram, çünki bu da normaldır. Mən səhnədə improvizasiyanı sevirəm və bunu tez-tez edirəm", – deyə sənətkar bildirib.

Məşhur xanəndə, həmçinin gənc reperlərlə əməkdaşlıq məsələsinə də münasibət bildirib və bu istiqamətdə gələcək təkliflərə açıq olduğunu vurğulayıb:

"Hazırda çox istedadlı gənc reperlər var. Onlardan belə bir təklif gəlsə, niyə də yox? Müsbət baxaram. Sadəcə, mənim üçün əsas məsələ sözlərin məzmunudur. Sözlər dəyərli və mənalı olmalıdır. Belə bir layihə həm maraqlı, həm də yenilikçi olar. Sınamağa dəyər", – deyə Alim Qasımov əlavə edib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top