Medinskinin sözləri yersiz və məntiqsizdir — Deputat

GÜNDƏM 10 iyun 2025, 14:24
“Rusiya prezidentinin rəsmi nümayəndəsi olan Medinskinin Azərbaycanın Qarabağ bölgəsini yersiz, məntiqsiz şəkildə Rusiya–Ukrayna müharibəsi kontekstində misal çəkməsi, müqayisə etməsi qəbuledilməzdir”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, bütün beynəlxalq ictimaiyyətin, hətta Ermənistanın özünün Qarabağı Azərbaycan ərazisi kimi qəbul etdiyi bir vəziyyətdə Medinskinin belə bir yersiz açıqlaması başa düşülən deyil, uğursuz müqayisədir:

“İstər Medinski burada Putinin köməkçisi kimi, istərsə də şəxsi kontekstdə danışsa belə, bu, qəbul edilməz açıqlamadır. Həm də nəzərə alsaq ki, Medinski özü tarix üzrə təhsil alıb, adi siyasətçilərin, Xarici İşlər Nazirliyi səviyyəsində katiblərin də bildiyi, baza bilikləri səviyyəsində olan məlumatı anlamırsa və düzgün təhlil edə bilmirsə, bu, anlaşılan deyil.

Azərbaycan XİN bununla bağlı çox gözəl cavab verdi. Rusiya XİN sözçüsü Zaxarova da bir daha Qarabağın Azərbaycan ərazisi olması ilə bağlı Rusiyanın rəsmi mövqeyini səsləndirdi. Bu, bir daha Azərbaycanın beynəlxalq münasibətlərdə tutduğu çəkini göstərir”.

Deputat həmçinin qeyd edib ki, beynəlxalq siyasətlə məşğul olan, xüsusən Rusiya prezidentinin köməkçisi kimi məsuliyyətli vəzifədə olan şəxs anlamalıdır ki, yersiz müqayisələr, tarixi aspektləri bilmədən aparılan təhlillər iki ölkə arasında münasibətlərə xələl gətirə bilər:

“Xüsusən belə bir həssas dönəmdə. Rusiya, Ukrayna müharibəsi və NATO ilə düşdüyü çətin vəziyyəti nəzərə alaraq, onunla normal münasibətlər saxlayan ölkələrin qədrini bilməlidir”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top