Belə olmaz

SİYASƏT 04 iyun 2025, 19:32

Qardaş Türkiyədə, daha doğrusu, Türkiyə ərazisində və türkcə yayılan media orqanlarında əsassız anti-Azərbaycan yazıları bu günlərdə Bakıda keçirilən iki önəmli toplantıda (da) dartışıldı. O toplantılardan birində iştirak edirdim, yığcam çıxışım da oldu. Məncə, belə tolantıların canlı və ya virtual olaraq davam etməsi ümumi işimizə xeyir verər.

Gəlin indi “niyə, necə, kimlərlə, nə vaxtadək?” və s. - kimi sualların özünü çox da təkrar etmədən, məna-məzmununu incələməyə çalışaq.

Əlbəttə, bu mövzu, Azərbaycan-Türkiyə münasibətlərinin strateji xarakterinə, bölgəmizdə geosiyasi proseslərin gedişatına və üçüncü tərəflərin təsir imkanlarına birbaşa toxunan, həssas və çoxqatlı məsələdir.

Azərbaycan ilə Türkiyə arasında münasibətlər tarixi, mədəni, etnik, siyasi və hərbi baxımdan nadir rast gəlinən bir müttəfiqlik örnəyidir. Özəlliklə 44 günlük Vətən müharibəsindən sonra “Bir millət, iki dövlət” şüarı yalnız poetik yox, gerçək geosiyasi məzmun-mahiyyət qazandı. Azərbaycanın tarixi Zəfərinə qardaş Türkiyənin siyasi-diplomatik, informativ, mənəvi dəstəyi danəlmazdır; həmçinin bizim Zəfərin yalnız Qarabağ və Gündoğar Zəngəzurda, yalnız 2020-ci ilin payızənda qalmayıb, bütün Türk dünyasına və ötən 5 ilin hər ayına sirayət etdiyi bəllidir. Türk Kənəşinin Türk Dövlətlər Təşkilatına çevrilməsi başda olmaqla, türk ölkələri arasında daha da sıxlaşan, yüksələn bağlar, ikitərəfli, üçtərəfli, çoxtərəfli strateji hədəf bəlirləmələr Zəfərin yaratdığı yeni gefçəkliyin məhsulları deyilmi? Bəli, Şəhidlər ğlmədi, Vətən bölünmədi və bölünməyən bu Vətən bütün qardaşların daha güclü birliyinin rəhni oldu.

Lakin son aylarda Türkiyə mətbuatında yaxud Türkiyə ərazisində və türkcə yayınlanan mətbuat orqanlarında – özəlliklə bəzi “sol” və ya “islamçı” yönümlü media çevrələri, radikal təmayüllü qruplar, marjinal mövqe yiyələrinin yönəltdiyi KİV-lərdə Azərbaycanın guya İsraillə “həddən artıq yaxınlığı” (və bu yaxınlığın bölgədə Türkiyənin çıxarlarına uyğun gəlmədiyi!) yönündə yazılarının artması diqqət çəkir.

Gəlin, birinci, ideoloji səbəblərə toxunaq:

Türkiyədəki müəyyən siyasi və media dairələri – özəlliklə Batıya və İsrailə qarşı olanlar – Azərbaycan-İsrail münasibətlərini öz ideoloji (və gözünü qum tutmuş) filtrlərindən keçirməyə çalışır. Bu qruplar üçün İsrail ilə istənilən əməkdaşlıq, xüsusən də hərbi-texniki əməkdaşlıq, “sionist layihəyə xidmət” kimi alqılanır; Azərbaycan isə bu ittihamın günahsız hədəfinə çevrilir.

Bölgəiçi rəqabət və yanlış qavrayışlar da toxunulmalı məsələlərdəndir.

Bəzi çevrələrdə yanlış olaraq belə bir düşüncə formalaşıb ki, Azərbaycan İsrail ilə yaxınlaşaraq İran və (təsəvvür edin) hətta Türkiyə ilə məsafə saxlayır. Halbuki rəsmi Bakı dəngəli dış siyasət yürüdür; İsrail ilə əməkdaşlıq isə təhlükəsizlik və texnoloji ehtiyaclara əsaslanır, anti-İran deyil, anti-Türkiyə məzmunu barədə düşündüyümüzü belə düşünmək isə məzmunsuzdur, məntiqsizdir.

Üçüncüsü, İran faktorunun təsirinə vurğu edə bilərik.

İranın Türkiyədəki bəzi media və fikir çevrələrinə dolayısı təsiri olduğunu ən azı nəzəri planda söyləyə billik. Anti-Azərbaycan ritorikasının müəyyən qaynaqlarda sinxron şəkildə yayılması, İranın media və informasiya strategiyasının bir bölümü ola bilməzmi? - Ola bilər. İdeoloji uyğunluğu olan media orqanlarının bu bekara təbliğatın (bilərək ya da bilməyərəkdən) daşıyıcısı rolunda çıxış etdiyi görünməkdədir.

Nəhayət, Ərəb-İsrail kontekstinin Türkiyə refleksi də diqqətə alınmalıdır.

İsrailin Fələstində apardığı müharibələrə qarşı haqlı etirazlar fonunda bir çox insan emosionallıqla İsrail ilə hər hansı münasibəti qınamaq meylinə düşür. Üstəlik, Azərbaycan bu münasibətlərin “günahkarı” kimi göstərilir. Halbuki İsrail ilə münasibət saxlayan ölkələrin sırasında qardaş ölkəmizin özü də var və bu münasibətlərin pozulması başqa ölkələr sərf edərdi. Əslində, bu münasibətlərin pozulmaması alternativlərin ən yaxşısı kimi xarakterizə oluna bilər.

Qayıdaq mətbu hücumlarının formasına:

-Ümumi ittihamlar və ya qeyri-faktoloji məqalələr bu planda toxunacağımız birinci istiqamətdir. Belə ki bu yazılarda tez-tez bəlli ifadələrə rast gəlinir: “Sionistlərin Qafqaz planı”, “İsrailin arxa bağı olan Azərbaycan”, “İranı mühasirəyə alan cəbhə xətti” və s. – Yəni konkret sübutlara deyil, güman, zənn və s. qapanmalara əsaslanan ritorika…

Azərbaycan dövlətinə, müstəqil dövlətçilik fəlsəfəsinə və gələnəyinə qarşı dolayısı yalanlara dair də bir neçə söz söyləyəlim.

Müəyyən media qurumları Azərbaycan dövlətini, ordusunu və diplomatiyasını dolayısı şəkildə hədəfə alır – guya Azərbaycan “müsəlman birliyinə xəyanət edir”. - Daha bu qədər də ağ eləməzlə axı… Bu iddialar gerçəkliyin hansı hərfinə və harasına yaraşır?..

Əlbəttə, Türkiyədən və də türkcə yayımlanan bəzi mətbu orqanlar rəsmi münasibətlərə göz yumurmuş kimi davranır. Əslində, bəlli media kəsimi ya Türk dövlətinin, türk xalqının Azərbaycana yaxud Azərbaycan dövləti və xalqının Türkiyəyə münasibətini azca nəzərə almış olsa, hərzə-hədyanları yığışdırmalıydı. Görünür “ağam burda dur deyib, hər gələni vur deyib”, “ağanəzərəm, belə gəzərəm”, yaxud “ağa deyir sür dəryaya, sür”… misali ağalanırlanır… Bəlkə bir gün “Dərya deyir sür ağaya, sür”… - mücərrəd “hüquq”un etirafına da tanıq olacağıq - nə bilmək olar…

Yəni, qardaş Türkiyənin dost İsrail ilə müxtəlif sahələrdə (enerji, ticarət, texnologiya və təhlükəsizlik…) əməkdaşlıq etdiyi halda, “bir millət, iki dövlət”dən o biri də eyni fəaliyyətə görə tənqid olunmalı - təkcə tənqid yox, sanki “cəzalandırılmalı”dırmı?..

Perspektivlərə baxsaq, ən azı üç istiqamətdə yığcam fikir bölüşümündə fayda vardır:

-Sözügedən tipdən olan yazılar Azərbaycan-Türkiyə münasibətlərinin təməlini zəiflədə bilməz, əlbəttə; lakin ictimai şüurda yanlış qavrayışlar formalaşdıra bilər. Media müstəvisində bu cür əsassız hücumlar qarşılıqlı inama “0” qatqıda bulunarkən, 0,1 ölçüdə olsa belə sarsıdıcılığa xidmət sayıla bilər;

-Həm Azərbaycan, həm də Türkiyə dövlətləri bu kimi halları çox vaxt rəsmən yorumlamır. Olsun. Bu da bir uhulət-suhulət işidir. Bəlkə də bu, strateji səssizlik siyasətidir, lakin müəyyən hədd keçildikdə, ictimai diplomatiya vasitələri ilə verilən cavablar çoxalırsa, düşünməmək əldə deyil;

-Türkiyə cəmiyyətinin, o cümlədən vətəndaş cəmiyyəti institutlarının, örnəyi, jurnalistlərin, nüfuzlu ictimai xadimlərin, düşüncə mərkəzlərinin Azərbaycanın dış siyasətini, təhlükəsizlik ehtiyaclarını, İsrail ilə münasibətlərin gerçək motivlərini düzgün alqılaması, bununçün atılmalı olan addımlar zəruriyyət daşıyır. Doğrusu, qardaş ölkədə də milli çıxarları bölgəsəl münasibətlər prizmasında dəyərləndirən obyektiv səslərə ehtiyac olduğu görünməkdədir.

Beləliklə, qardaşlığın emosional deyil, strateji anlayış olduğunu unutmadan, sözümüzü ən azı bu yazılıq toparlayaq.

Azərbaycan və Türkiyə arasında münasibətlər keçici emosional təmayüllərə deyil, dərin tarixə, ortaq çıxarlara və ümumi təhlükəsizlik konseptinə söykənir. Bəzi media qurumlarının və “müstəqil yazarlar”ın yaxud “sərbəst radikallar”ın qərəzli mövqeyi bu strateji münasibətləri kölgələyə bilməz. Bununla belə, yorumlamağa çalışdığımız təbliğatın (anti-təbliğatın) informasiya savaşının bir bölümü olduğu unudulmamalıdır. Əgər unudulmamalıdırsa, deməli, ona qarşı həm intellektual, həm də diplomatik planda birgə cavablar hazırlanmalıdır. - 15 iyun 2021-ci il tarixli “Şuşa Bəyannaməsi”nin, ötən həftədəki Laçın Görüşünün ruhuna uyğun…

Əkbər QOŞALI

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top