Günay Əfəndiyeva: “Biz milli irsimizə sahib çıxmaqla yanaşı, onu beynəlxalq ictimaiyyətə elmi və tarixi əsaslarla təqdim etməliyik” — FOTOLAR

SİYASƏT 31 iyul 2025, 15:40
“Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdim olunması həm tarixi, həm də aktuallığı baxımından bugün olduqca böyük önəm daşıyır. Çünki, bu nəşr bizi tariximizə qaytarır. Keçmişimizi unutdurmamağa çalışır. Bu kitab tarixi həqiqətlərin, gerçəkliklərin və sübutların toplusudur”. 

Bu sözləri Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Zirə Mədəniyyət Mərkəzi - EKO Parkda keçirilən Qərbi Azərbaycan İcması tərəfindən hazırlanan və nəşr olunan “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimində deyib.

Millət vəkili XIX əsrin birinci yarısında Türkmənçay müqaviləsi nəticəsində Azərbaycan xanlıqlarından biri olan İrəvan xanlığının  Rusiya imperiyasının tərkibinə daxil olmasına diqqət çəkərək, bildirib:  “Məlum siyasət nəticəsində bu ərazilərə ermənilərin köçürülməsi prosesi həyata keçirildi. Bununla, Cənubi Qafqazda tarixi gedişatın yeni bir mərhələsi başlandı”.

Deputat Ermənistan tərəfindən aparılan milli irqçilik və etnik təmizləmə siyasətindən bəhs edib. O, bildirib ki, Ermənistanın irqçiliyə əsaslanan ideoloji xətti təkcə yerli əhaliyə deyil, həm də bölgədə əsrlərlə mövcud olan mədəni irs nümunələrimizə qarşı törədilmişdir.

Günay Əfəndiyeva çıxışında Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışındakı tarixi çıxışını xatırladaraq, İrəvanın tarixi mərkəzinin ermənilər tərəfindən məhv olunmasına diqqəti çəkib.
Deputat kitabın nəşrini yüksək qiymətləndirərək bildirib ki, nəşrdə dünyanın müxtəlif arxivlərindən toplanmış sənəd, fotoşəkil, sübut və mənbə yer alır. Bu da dövlətimizin məsələ ilə bağlı haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından olduqca mühüm əhəmiyyətə malikdir.

Günay Əfəndiyeva fəaliyyətində bu səpkidə gerçəkləşdirilən layihələrdən bəhs edərək vurğulayıb ki, biz milli irsimizə sahib çıxmaqla yanaşı, onu beynəlxalq ictimaiyyətə elmi və tarixi əsaslarla təqdim etməliyik. 

Millət vəkili, Qərbi Azərbaycanın mədəni irsinin yaşadılması istiqamətində dövlət səviyyəsində həyata keçirilən ardıcıl tədbirləri diqqətə çatdıraraq, bu il görkəmli rəssam Mirzə Qədim İrəvaninin 200 illik yubileyinin, 2022-ci ildə İrəvan Azərbaycan Dram Teatrının 140 illiyinin qeyd olunmasını, eləcə də ötən il Aşıq Ələsgərin abidəsinin Bakıda açılışını bu sahədə atılmış mühüm addımlar kimi dəyərləndirib.

Deputat tezliklə Göyçədə Ağ Kilsə kəndində Aşıq Ələsgərin məzarının bərpa ediləcəyinə və abidəsinin ucaldılacağına əminliyini ifadə edib. 

“İnanıram ki, yaxın gələcəkdə Aşıq Ələsgərin misraları sadəcə Göyçə mahalında deyil, bütün dünyaya səslənəcəkdir”, - deyə Günay Əfəndiyeva qeyd edib.











 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top