Vəkillər keçmiş məcburi köçkünlərə pulsuz hüquqi yardım göstərdi — FOTOLAR

SOSİAL 29 may 2025, 14:47
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (VK) birgə təşkilatçılığı ilə Bakı şəhərinin Sabunçu rayonundakı Kürdəxanı qəsəbəsində, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış kompleksində “Konstitusiya və Suverenlik İli” və “İnsan Hüquqları Aylığı” çərçivəsində “Yurdumuza Qayıdış” adlı hüquqi maarifləndirmə tədbiri keçirilib.

Demokrat.az xəbər verir ki, Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib ki, tədbirin əsas məqsədi məcburi köçkünlərin hüquq və azadlıqlarının təbliği, hüquqi biliklərinin artırılması, bu sahədə həyata keçirilən fəaliyyətlərin ictimaiyyətə çatdırılması, habelə işğaldan azad olunmuş ərazilərə qayıdış prosesi ilə bağlı hüquqi maarifləndirmənin təmin edilməsidir.

Qeyd olunub ki, Prezident İlham Əliyev məcburi köçkünlərlə işi sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib, onların sosial müdafiəsinin gücləndirilməsi üçün zəruri normativ hüquqi aktlar qəbul edilib. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da bu kateqoriyadan olan soydaşlarımızın müraciətlərinin müsbət həlli üçün tapşırıqlar verib.

Diqqətə çatdırılıb ki, işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Tədbirdə keçmiş məcburi köçkünlərə dövlət tərəfindən nəzərdə tutulan güzəşt və imtiyazlar, sosial müdafiə tədbirlərinin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zəruriliyi məsələləri eləcə də onları maraqlandıran digər hüquqi məsələlərlə bağlı məlumat verilib.

Vəkillər Kollegiyasının sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov tədbirin açılışında çıxış edərək iştirakçıları VK sədri Anar Bağırovun, Kollegiyanın və vəkil həmkarların adından salamlayıb.

Sədr müavini Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə VK arasında bir neçə ildir ki, sıx səmərəli əməkdaşlığın mövcud olduğunu, 2022-ci ildə imzalanmış Memorandum çərçivəsində bir sıra pulsuz hüquqi yardım aksiyaları və maarifləndirici tədbirlərin təşkil edildiyini, yüzlərlə şəxsin isə bu imkanlardan faydalandığını deyib.

Çıxışında tədbirin əlamətdar məqamlarına toxunan Şahmar Məmmədov söyləyib ki, 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyanın bu il 30 illiyi qeyd olunur. Bu xüsusilə önəmlidir, çünki bu gün Azərbaycan Respublikasının Konstitusiyası, dövlət suverenliyi ölkənin hər bir ərazisində bərpa edilib.

Sədr müavini diqqətə çatdırıb ki, Konstitusiyada nəzərdə tutulmuş yüksək keyfiyyətli hüquq yardım almaq hüququ vəkillər tərəfindən həyata keçirilir. Kollegiyanın üzvləri bu missiyanı böyük məsuliyyət və peşəkarlıqla həyata keçirir.

Şahmar Məmmədov həmçinin bildirib ki, VK Rəyasət Heyətinin 09 dekabr 2020-ci il tarixli qərarına əsasən şəhid ailələri və qazilərə mütəmadi olaraq pulsuz hüquqi yardım göstərilir. Bu təşəbbüslər vəkillər tərəfindən mənəvi borc kimi qəbul olunaraq yüksək səviyyədə icra olunur.

Tədbir çərçivəsində insan hüquqları sahəsində həyata keçirilmiş tədbirlərin təqdimatı olub.

“Pro Bono” Vəkil Bürosu və Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən 100-ə yaxın keçmiş köçkünə pulsuz hüquqi yardım göstərilib, vətəndaşların sualları cavablandırılıb, praktiki məsləhətlər verilib.

Bu təşəbbüs, hüquqi cəhətdən maarifləndirilmiş cəmiyyətin formalaşdırılması və keçmiş məcburi köçkünlərin sosial inteqrasiyasına dəstək göstərilməsi baxımından, mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, hüquqi maarifləndirmə tədbirləri məcburi köçkünlərin digər müvəqqəti məskunlaşma yerlərində də davam etdiriləcək.



































































 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top