Paşinyan Azərbaycan mediasına nə demək istədi? — Deputat ŞƏRH ETDİ

GÜNDƏM 16 may 2025, 16:59
“Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan mediasına verdiyi müsahibəsində yeni heç nə demədi. Sadəcə, əvvəllər müxtəlif platformalarda səsləndirdiyi fikirləri yenidən dilə gətirdi”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, Paşinyan Ermənistan konstitusiyasının dəyişdirilməsi və oradan Azərbaycana qarşı ərazi iddialarının çıxarılması ilə bağlı üzərinə heç bir məsuliyyət götürmədi:

“Bu isə, əlbəttə ki, sülhə gedən yolda ciddi maneədir. Azərbaycanın ikinci tələbi ilə bağlı da Paşinyan eyni şeyləri dedi. O qeyd etdi ki, ATƏT-in Minsk qrupunun ləğvi ilə sülh müqaviləsinin imzalanması eyni vaxtda baş verə bilər. Ancaq məsələnin əsl məntiqi ondan ibarətdir ki, yalnız Minsk qrupunun ləğvi sülh üçün imkanlar yarada bilər. Çünki əgər sülh müqaviləsi əvvəlcə imzalansa, Minsk qrupu sonradan ləğv edilməyə də bilər. Buna görə də ilk növbədə Minsk qrupu ləğv edilməlidir. Göründüyü kimi, Paşinyan bu dəfə də məsələni "Paşinyansayağı" şərh etdi və bu şərh yanlışdır”.

Son olaraq deputat bildirib ki, Paşinyan dolayısı ilə etiraf etmiş oldu ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası mövcuddur.



Xatırladaq ki, Albaniyada səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasının (İTV) sualını cavablandırıb. 

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top