Şeyx Əbdül: “Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!”

SOSİAL 15 may 2025, 16:10
Xalq artisti, tanınmış kino aktyoru, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev Musavat.com-a müsahibəsində Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudovla bağlı qalmaqallı ifadələr işlədib.

Rasim Balayev rəhbərlik etdiyi qurum tərəfindən Şeyx Əbdülün 80 illik yubileyinin hansı səbəbdən qeyd olunmamasına belə münasibət bildirib:

“Özündən soruşun. Hədyan, yalan, şər, böhtan – hamısı ondan gəlir”.

Demokrat.az xəbər verir ki, qarşı tərəfin reaksiyası gecikməyib. Şeyx Əbdül Mahmudov ona ünvanlanan ittihamlara bu cür cavab verib:

“Ayıb olsun ona! Onun özü kim olduğunu yaxşı bilir. Mən onun haqqında elə xəyanətlərini, cinayətlərini deyərəm ki, başını tutub qaçar. Onun köhnə ittifaqlarda etdiyi cinayətləri açıqlasam, güzgüyə baxmağa utanar. Ağlını başına yığsın – açıb sandığı, töksəm pambığı, ifşa olunacaq.

Mən Kino İttifaqının və milli kinomuzun dirçəlməsi üçün çalışıram. Zamanında Kino İttifaqını parçaladılar. O ittifaqın birləşdirilməsi mənim xidmətimdir. Bunu hamıdan soruşa bilərsiniz. Mən istəmədim ki, kino camiəmiz parçalansın.

İttifaqları birləşdirdim. Rasim Balayev indi sədrdir, Şəfiqə Məmmədova isə onun müavinidir – orada oturublar. Amma sən demə, hamısının şəxsi marağı var imiş. Buna görə indi mənimlə düşmən oldular. Satqınlıq da, xəyanət də hamısı Rasim Balayevin özündən gəlib.

İkincisi də – onun oturduğu kreslonu, o vəzifəni mən ona hədiyyə etmişəm. İndi utanmır?

Kinostudiya çox pis gündədir. Biri qapısını açıb içəri girmir. Hamısı kinonun hesabına kişi olub, çörək yiyəsi olublar. İndi utanmırlar, hansısa yollarla “yuxarılar”a “xod” tapıb, kinonu təmsil edirlər, yağ-bal içində otururlar. Hansı mənəvi haqla?

Mən demişəm ki, kinoya xəyanət etməyin, gəlin, kinostudiyanı bərpa edək. O cür müqəddəs məbəd bu gündədir, onlar isə öz keflərindədirlər.

Rasim Balayev üçün çox ayıb olsun. Papağını qabağına qoyub düşünsün ki, bu gün hansı mövqedədir və qoyub qaçdığı yerlərdən bu günə hansı mövqelərlə gəlib çıxıb. Şəxsən mənim hesabıma o ittifaqın sədri olub. Onun kinoya gəlməsində mənim xüsusi xidmətlərim var. Ona şans verdim. Hər şeyi unutdum. O da gəldi, vəzifəyə – kresloya oturdu. İndi isə ilin-günün bu vaxtında bu cür cəsarətlə ağzına gələni danışır. Yaxşı olardı ki, ayıbına kor olub otursun. Artıq-əskik danışmasın. Yoxsa ki, mən idarə oluna bilən adam deyiləm – onu etdikləri ilə rüsvay edib, məsələni də məhkəməyə verərəm!”. (Musavat)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top