“Sumqayıt” sabiq məşqçisini geri qaytarır? — Klubdan AÇIQLAMA

İDMAN 14 may 2025, 08:49
“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadovun istefaya göndərilməsindən sonra dərhal komandaya kimin rəhbərlik edəcəyi ilə bağlı xəbərlər çıxmağa başladı. Bu mənada ən çox belaruslu mütəxəssis Aleksey Baqanın adı vurğulanırdı. Halbuki adıçəkilən mütəxəssis “Sumqayıt”da işlədiyi dövrdə komanda tarixinin ən pis nəticəsini qazanmışdı. Hətta “Sumqayıt”da uzun müddət qələbəsizlik seriyası yaranmışdı.

Ona görə də “Gənclik Şəhəri” təmsilçisində uğursuz olan bir məşqçinin yenidən geri qayıdacağı futbol ictimaiyyətində ciddi rezonans doğurmuşdu.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev hələ ki, heç bir məşqçi ilə danışıq aparmadıqlarını dedi:

“Sumqayıt”ın baş məşqçisinin kim olacağı ilə bağlı mətbuatda çoxlu xəbərlər gedir. Ancaq Aleksey Baqa ilə bağlı xəbərlərə görə də mənim klub prezidenti Riad Rəfiyevlə söhbətim oldu.

O, qətiyyətlə dedi ki, hazırda heç bir mütəxəssislə danışıq aparılmır. Çünki vaxtımız var.

Çempionatda qalmağı təmin etmişik, avrokuboklarda oynamırıq.

Mövsüm öncəsi toplanışlaradək komandamız üçün uyğun olan məşçqini seçib onunla müqavilə bağlayacağıq. Ancaq bir daha xatırladım ki, klubun rəhbərliyi hazırda heç bir məşqçi ilə danışıq aparmır”.

Qeyd edək ki, “Sumqayıt” klubunun rəhbərliyi komandanın Premyer Liqanın 34-cü turunda “Kəpəz”ə məğlubiyyətindən sonra baş məşqçi Vaqif Cavadovu istefaya göndərib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top