"Bu tarixi qərar illərlə xatırlanacaq" — Politoloq

GÜNDƏM 13 may 2025, 19:26
“PKK-nın 12-ci qurultayında təşkilatın bütün strukturlarının ləğv edilməsi və silahlı mübarizəyə son qoyulması barədə qəbul edilmiş qərar qardaş Türkiyənin böyük siyasi və strateji uğurudur”.

Bunu politoloq İlyas Hüseynov Demokrat.az-a açıqlamasında deyib.

O əlavə edib ki, bu mühüm nəticə münasibətilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı və qardaş türk xalqını səmimi qəlbdən təbrik etmək lazımdır:

“Uzun illərdir ki, Türkiyədə baş verən silahlı qarşıdurmalar, terror aktları, insan tələfatı və ailə faciələri ciddi sosial-siyasi problemlər yaradıb. Əfsuslar olsun ki, bəzi xarici güc mərkəzləri kürt xalqından istifadə edərək onları türk xalqına qarşı qaldırmağa, bu yolla regionda sabitliyi pozmağa cəhd göstərmişdilər”.

Politoloq deyib ki, bu gün qəbul olunmuş qərar böyük siyasi uzaqgörənliyin və milli həmrəyliyin nəticəsidir:

“Bu qərarın davamlılığını təmin etmək, ona sahib çıxmaq və istənilən təxribatlara qarşı güclü duruş sərgiləmək vacibdir. Qətiyyən yol verilməməlidir ki, bəzi dairələr Türkiyənin daxilində yeni gizli qruplar formalaşdıraraq dövlətə qarşı təhdid yaratmağa çalışsın.Türkiyə bu gün yalnız öz sərhədləri daxilində deyil, həm də geniş bir coğrafiyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması üçün fəal siyasət yürüdür. Güclü milli müdafiə sənayesi, texnoloji irəliləyişləri və qətiyyətli diplomatiyası ilə bu mübarizəni böyük qürurla davam etdirir. PKK-nın silahlı mübarizəyə son qoyması sadəcə hərbi uğur deyil, eyni zamanda Türkiyə diplomatiyasının və milli birliyin parlaq zəfəridir. Bu tarixi qərar illərlə xatırlanacaq və türk dövlətçiliyinin möhkəmlənməsində mühüm dönüş nöqtəsi kimi yadda qalacaqdır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 may 2025, 23:30
Top