"Dənizkənarı obyektlərin çirkab suları Xəzərə axıdılır" — AÇIQLAMA

GÜNDƏM 13 may 2025, 16:23
“Xəzər Dənizinə tək Qaradağdan yox, bir çox yerlərdən çirkab suları axıdılır və bu, mütamadi olaraq baş verir. Çirkab suları müxtəlif cür olur; məişət və sənaye tipli çirkab suları. Sənaye tipli çirkab suları daha təhlükəli hesab olunur. Məişət tipli çirkab suları bir neçə istiqamətdə formalaşır. Bunların ümumi formulası sintetik karbohidrogenlərdən, oksigendən və digər səthi aktiv maddələrdən ibarət olur. Yuyuculuq səviyyəsinin artması üçün natrium, kalium, fosfor duzları suya əlavə edilir. Bu maddələr su ilə birləşərək müxtəlif zəhərli turşulara çevrilərək su və torpaq mənbələrini çirkləndirir”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov deyib.

O bildirib ki, canlı orqanizmlər dərhal məhv olur, bitkilər daha zərərli bitkilərə çevrilirlər:

“Nəticədə dənizdə bitki flora və faunası məhv olur. Balıq resursları azalır. Bakı ətrafı sahillərdə bu vəziyyət artıq müşahidə edilir. Akademik Məmməd Salmanov 1950-1960-cı illərdə yazırdı ki, Giləzidən çıxan gəmi o qədər balıq tuturdu ki, balıqlar bir neçə vaqona yerləşmirdi. İndi Xəzərin bioresursları tükənmək üzərədir. Xüsusilə, nərə, kütüm, kefal, qızıl balıq kimi nadir növlər az sayda qalıb. Sənaye müəssisələrində çirkab sularının filtrizasiyası üçün xüsusi qurğular quraşdırılmalı, sular tam təmizləndikdən sonra dənizə buraxılmalıdır. Dəniz kənarında olan obyektlər, çimərlik sahələri, restoranlar bu qaydalara riayət etmir. Bu hal uzun illərdir davam etdiyinə görə Xəzərin dibi kifayət qədər çirklənir, bir çox xəstəliklərində yayılmasına səbəb olur”.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top