Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

SOSİAL 13 may 2025, 10:25
Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 15-də dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC altqruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB altqruplarına uyğun vəzifələr üzrə test imtahanları keçiriləcək.
 
Demokrat.az  xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.
 
Bildirilib ki, imtahanlar saat 11:00-da və 16:00-da başlanır. Müvafiq olaraq saat 10:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Namizədlərin imtahana buraxılış vərəqələrində imtahan yeri, vaxtı, binası, imtahana gəlməli olan saat və digər zəruri məlumatlar göstərilib.
 
İmtahana qeydiyyat 2025-ci il aprelin 11-dən mayın 1-dək aparılıb və bu müddət ərzində 1747 namizəd ərizə təqdim edib.
 
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
 
Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
 
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
 
- “İmtahana buraxılış vərəqəsi".
 
İmtahan elektron formada kompüterlər vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 2 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 20 imtahan rəhbəri, 113 nəzarətçi və 18 buraxılış rejimi əməkdaşı ayrılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top