Politoloq: "Azərbaycan Asiya ilə Avropa arasında mühüm tranzit yola çevrilir"

GÜNDƏM 09 may 2025, 16:00
"Azərbaycan çoxşaxəli xarici siyasət kursuna üstünlük verir. Son zamanlar rəsmi Bakının Asiya qitəsinin önəmli dövlətlərinə diqqəti artmağa başlayıb. Bütün bunlar yalnız Asiya və Şərqə yönəlmə mahiyyəti daşımır, Azərbaycan Avropa Birliyinin enerji təhlükəsizliyi üzrə ən önəmli tərəfdaşı sayılır. Azərbaycan öz milli maraqlarına uyğun olaraq bütün istiqamətlər üzrə iqtisadi, ticari münasibətləri inkişaf etdirir. Bu istiqamətlər həm də siyasi sahəyə dəstək kimi formalaşır"

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

Politoloq bildirib ki, Azərbaycanın Asiyaya yönəlməsi də olduqca vacibdir:

"Onların sırasında Çin kimi dünya nəhəngi var. Çin hal-hazırda yeni dünya düzəninin formalaşmasında əsas oyunçulardan birdir. Bu cür qlobal güclə münasibətlərin yüksək səviyyəyə çatıdırılması Azərbaycan üçün vacibdir. Bu, eyni zamanda Azərbaycanın da Çin üçün böyük önəm daşıdığını göstərir. Azərbaycan Çinin Avropa ilə münasibətlərin əsas tranzit rolunu oynamaq imkanlarına malikdir. Azərbaycan Çinlə yanaşı digər Asiya ölkələri ilə də münasibətlərə diqqət yetirir.Bu sırada təbii ki, Pakistanla münasibətlərimiz xüsusi vurğulanmalıdır. Pakistan Azərbaycanın strateji tərəfdaşı və qardaş ölkədir. Bu münasibətlər həm iqtisadi-ticari, həm də hərbi təhlükəsizlik istiqamətindədir. Son zamanlar ikitərəfli münasibətləri inkişaf etdirmək istəyənlər sırasına Vyetnam da qatılıb.Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına, BRİKS-ə üzv olmaq istədiyini də bildirib.Göründüyü kimi Azərbaycan faydalı ola biləcək bütün əməkdaşlıqlara stimul üçün önəmli addımlar atır. Son zamanlar Şərq ölkələrinə xüsusi diqqət ayrılması Qərbə mesaj xarakteri də daşıyır. Qərbin bəzi ermənipərəst dövlətləri və qurumları anlamalıdır ki, Azərbaycanın alternativləri mövcuddur, Asiya qitəsindəki tərəfdaşlarla daha faydalı işlər görülür. Buna görə də Azərbaycanla münasibətləri daha səmini qurmağa məcbur olacaqlar".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top