
Paytaxtın Qaradağ rayonunda yerləşən məktəblərdən birinin ətrafında uşaqların hüquqazidd əməllərə məruz qalması ilə bağlı yayılan iddialar araşdırılıb. Daxili İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, məsələ ilə bağlı Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları dərhal hərəkətə keçib. Araşdırmalar nəticəsində görüntülərdəki naməlum şəxs müəyyən olunaraq polis idarəsinə dəvət edilib.
"Qadının hər hansı bir kriminal hadisə ilə əlaqəsinin olmadığı müəyyən olunub. Barəsində sosial şəbəkələrdə yayılan məlumatların əsassız olduğu sübuta yetirilib", – deyə E.Hacıyev qeyd edib.
O əlavə edib ki, sosial şəbəkələrdə təşviş doğuran məlumatları yayan digər qadın da polisə çağırılıb və onunla profilaktik söhbət aparılıb. Eyni zamanda, barəsində müvafiq məsuliyyət tədbirləri görülüb.
DİN rəsmisi vətəndaşlara çağırış edərək bildirib ki, təsdiqlənməmiş, şayiə xarakterli məlumatları yaymaqdan çəkinmək lazımdır: "Əgər şübhəli hal müşahidə olunarsa, bu barədə dərhal polisə məlumat verilməlidir".