
“İran Prezidentinin Azərbaycana səfəri olduqca vacib bir hadisədir. Bəllidir ki, uzun müddətdir iki dövlət arasında münasibətlər mövcud olsa da, zaman-zaman bu münasibətlər müəyyən soyuma dövrü yaşayıb. Danılmaz bir faktdır ki, müəyyən dairələr, həm İranın daxilində, həm də xaricində heç bir zaman İranla Azərbaycan münasibətlərinin daim sıx olmasında maraqlı olmayıblar”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib. O bildirib ki, məlum səfirlik hadisəsindən sonra İranla Azərbaycan arasında müəyyən bir soyuma müşahidə olunsa da, sonrakı mərhələdə həm Azərbaycanın, həm də İranın siyasi rəhbərliyinin bu məsələ ilə bağlı konstruktiv mövqe sərgiləməsi, xüsusilə də Azərbaycanın bir çox məsələlərdə mövqeyini sırf bölgədə sülh və təhlükəsizliyin təmin olunması nöqteyi-nəzərindən ön plana çəkməsi bu münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu göstərdi:
“Bu səfər zamanı çox vacib sənədlər imzalandı və həmin sənədlər regionda mühüm əhəmiyyət kəsb edən nəqliyyat dəhlizləri və nəqliyyat infrastrukturu ilə bağlıdır. Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı aparılan danışıqlar və əldə olunan qərarlar önəmlidir. Bu, həm İran, həm də Azərbaycan üçün olduqca əhəmiyyətli bir nəqliyyat layihəsi hesab olunur”.
Deputat Zəngəzur dəhlizi ilə bağlı danışarkən əlavə edib ki, proseslərin müsbətə doğru getdiyinin şahidi oluruq:
“Ən azından indi bilirik ki, İran üzərindən Araz dəhlizinin infrastrukturunun yaradılması ilə bağlı zəruri işlər həyata keçirilir. Azərbaycan tərəfindən görülən işlər demək olar ki, yekunlaşmaq üzrədir və İran tərəfi də bu prosesdə çox qətiyyətlidir. İran maraqlıdır ki, Araz nəqliyyat dəhlizi tam gücü ilə işləsin.
Zəngəzur dəhlizinin açılması məsələsinə gəldikdə isə təxmin etmək olar ki, İranın mövqeyi bu məsələdə dəqiqdir. Əgər bu dəhlizin açılması İranın milli maraqlarına zidd deyilsə, təbii ki, İran bunun əleyhinə çıxmaz. İqtisadi baxımdan bu, maraqlı da ola bilər: Araz dəhlizi tam gücü ilə işləsin, eyni zamanda Zəngəzur dəhlizi də bu prosesin alternativi kimi dəyərləndirilə bilər. Hətta Zəngəzur dəhlizinin açılması İran üçün əlavə üstünlüklər gətirə biləcək bir layihədir və təxmin etmək olar ki, İranda da bu məsələni dəyərləndirirlər”.
Azər Allahverənov həmçinin bildirib ki, Azərbaycan–İran münasibətləri strateji mahiyyət daşıyan münasibətlərdir:
“Cənab Prezident çıxışında xüsusilə qeyd etdi ki, iki dövlət arasında çox mühüm danışıqlar aparıldı, fikir mübadiləsi oldu və bu istiqamətdə görülən işlər bilavasitə önəmli məsələləri əhatə etdi. Bu kimi yanaşmalar bir daha göstərir ki, Azərbaycan–İran strateji münasibətləri hər iki dövlətin xarici siyasət kursunda xüsusi yer tutur. Bu münasibətlərin gələcəkdə də inkişaf etdirilməsi ilə bağlı niyyət həm imzalanmış sənədlərdə, həm də sonrakı mərhələlərdə səsləndirilən fikirlərdə, xüsusilə də gələcək əməkdaşlıq perspektivlərində əks olunub. Məhz bu nöqteyi-nəzərdən deyə bilərik ki, İranın Azərbaycanla bağlı xarici siyasət kursunda çox vacib nüanslar var. Bu nüanslar bilavasitə sülh və təhlükəsizliyə xələl gətirməyəcək əməkdaşlığın sərgilənməsindən irəli gəlir”.
Deputat qeyd edib ki, İran və Azərbaycan müxtəlif beynəlxalq platformalarda əməkdaşlıq edirlər. İstər BMT, istər İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, istərsə də D-8 təşkilatında iki ölkə qarşılıqlı dəstək çərçivəsində əməkdaşlıq münasibətləri qurublar.
Cavid Mirzə
Demokrat.az