Azərbaycanla İran regionda yeni fürsətlar açır: Nəqliyyat sahəsində hansı yeniliklər olacaq? — AÇIQLAMA

SİYASƏT 30 aprel 2025, 13:40
"İran Prezidentinin Azərbaycana səfəri münasibətlərin normallaşması və yüksək səviyyəyə qalxması üçün əla fürsət oldu. Qohumluq əlaqələri, dil, din birliyi iki dövlətin regionun stabilliyi, iqtisadi inkişaf üçün böyük potensiala malik olduğunu göstərir. Bu səfər münasibətlərimiz üçün yeni səhifənin açılması kimi dəyərləndirilməlidir. Azərbaycan və İran arasında iqtisadi məsələlərdə hər zaman aktivlik müşahidə edilib. Xüsusilə nəqliyyat layihələrinin icrası ilə bağlı gündəlik hər zaman zəngin olub. Görüş bu proseslerə yeni təkan vermək üçün əla fürsətdir".

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. 

Deputat bildirib ki, Azərbaycanla İran arasında xüsusilə şimal-cənub, Azərbaycanın qərb bölgəsi ilə Naxçıvanı birləşdirəcək Araz dəhlizinin inşa edilməsi iki dövlət üçün də iqtisadi cəhətdən əhəmiyyətli hadisədir:

"Bu layihələrdən təkcə Azərbaycan və İran deyil, region dövlətləri də aktiv şəkildə istifadə edəcək. Münasibətlərin normallaşması Azərbaycan üçün təhdid olan Ermənistanın haqq yoluna gəlməsinə, öhdəlikləri yerinə yetirməsinə gətirib çıxaracaq. Araz dəhlizinin işə düşdükdən sonra Zəngəzur dəhlizinin də işə başlaması real görünür. 

Uzun illərdir iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi baş tutmurdu. Cənab Prezident İlham Əliyev mədəniyyət günlərinin bərpa edilməsi ilə bağlı da xoş müjdəni verdi. Hər şeydən öncə iki ölkə arasında mədəniyyət, dil, din əlaqələri var. Nəticə etibarı ilə mədəniyyət sahəsində mübadilə, xalqlarımızın öz soykökünə baxışı təmin olunacaq".


Onun sözlərinə görə, qarşılıqlı səfərlər intensiv hal alacaq:

"Hökumət üzvləri, rəsmilər arasında səfərlər mövcud idi. Ali səviyyədə də səfərlərin intensivləşməsinin münasibətlərimizin yüksəlməsinə gətirib çıxaracaq. Azərbaycan və İran birlikdə yeni nəqliyyat dəhlizlərinin açılmasına, inkişaf etdirilməsinə şərait yaradacaq, qarşılıqlı iqtisadi inkişafı gücləndirəcək, regionda sabitliyin artması üçün birgə səylər artırılacaq. Nəticə etibarı ilə kənar güclərin regionda baş qaldırmasına imkan verilməyəcək. Zamanında cənab Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş "3+3" formatı bütün problemlərin həlli üçün zəmin yaradır. Bu səfəri yüksək dəyərləndiririk. İnanırıq ki, iki dövlət arasında münasibətlərin gücləndirilməsi, yaxın gələcəkdə strateji tərəfdaşlıq səviyyəsinə qaldırılacaq".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top