Liderlərimiz dost, xalqlarımız dost — 2500 il bundan öncə...

GÜNDƏM 26 aprel 2025, 19:36
Azərbaycan və Çin arasında diplomatik əlaqələrin qurulmasından 34 ilə yaxın vaxt keçir. Çin Xalq Respublikası tərəfindən Azərbaycanın müstəqilliyinin 1991-ci ilin dekabrında tanınması və 1992-ci ilin aprelində ikitərəfli diplomatik əlaqələrin qurulması ilə Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoyub.

Prezident İlham Əliyevin Çin Xalq Respublikasına etdiyi dövlət səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar Azərbaycan-Çin münasibətlərində yeni mərhələnin başlanğıcını qoydu. Səfər çərçivəsində keçirilən görüşlər zamanı siyasi, iqtisadi, humanitar və texnoloji sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün konkret planlar müəyyən olundu.



Milli Məclisin deputatı Elman Nəsirov Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, bu günləri dövlətlər iki tərəfli münasibətlərin ən yüksək səviyyəsindədir:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprel ayının 22-dən 24-ə qədər Çin Xalq Respublikasına dövlət səfəri reallaşıb. Bu səfər keçən ilin iyul ayında Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən zirvə görüşündə Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə reallaşmaqdadır. Strateji tərəfdaşlıq münasibətləri də inkişaf edir. Qeyd edilən tədbirdə keçən il analoji sənəd imzalanıb. Bu, iki tərəfli münasibətlərimizin bu günləri inkişafının bir yol xəritəsi hesab oluna bilər. Siyasi, ticari, iqtisadi, humanitar, nəqliyyat, kənd təsərrüfatı, elm, təhsil və digər sahələrdə inkişafın istiqamətləri bu sənəddə öz əksini tapıb. Azərbaycan Respublikası vahid Çin prinsipini müdafiə edir. Eyni zamanda Çin Xalq Respublikası da Azərbaycanın ərazi bütövlüyünü və süverenliyini hər zaman dəstəkləyir”.

Millət vəkili əlavə edib ki, iki ölkə arasında iqtisadi əlaqələri yüksək inkişaf tempinə malikdir:



“Ticarət dövriyyəsi 2018-ci ildə 1,3 milyard dollar təşkil edirdisə, indi 3,7 milyard dollara çatıb. Çin Azərbaycanın dördüncü iqtisadi tərəfdaşına çevrilib. İtaliya, Türkiyə və Rusiyadan sonra 7,9 %-lik ticarət dövriyyəmizdə Çinin payı var. Bu günləri iki dövlətin əlaqələrində “Bir kəmər, bir yol” layihəsi xüsusi əhəmiyyət kəsb edir. Bu layihəni, ilk dəstəkləyən dövlətlərdən biri məhz Azərbaycan olub. Eyni zamanda da bu layihəyə yatırım edən dövlətlərdən biri də Azərbaycandır. Bu günləri Transxəzər layihəsi inkişaf edir. Orta Dəhlizin reallaşma sahəsində Çindən gələn mallar Azərbaycandan keçməklə Avropaya 12 günə çatır”.

Deputat iki dövlətin liderlərini dostluq münasibətləri birləşdirdiyini deyib:

“Si Cinpinin Azərbaycan Prezidentini Çin xalqının köhnə dostu adlandırıb. 1,4 milyard nəfərlik xalqın köhnə dostu, böyük qiymətdir. Azərbaycan Prezidenti də söyləyib ki, Si Cinpini Azərbaycanda hər kəs tanıyır və yüksək qiymətləndirir. Liderlərimiz dost, xalqlarımız dost. 2500 il bundan öncə İpək Yolu ilə xalqlarımızın əməkdaşlığı və əlaqələri qurulub. İki ölkənin geniş tərkibli görüşü oldu. Hər iki tərəf əminliklə ifadə etdi ki, münasibətlərimizin bundan sonrakı inkişafı üçün daha ciddi addımlar atılacaq. Azərbaycan Respublikası ilə Çin xalq Respublikası arasında hər tərəfli strateji tərəfdaşlığın təməlinin qurulması ilə bağlı birgə bəyanat imzalanıb ki, bu da strateji tərəfdaşlığın, münasibətlərimizin keyfiyyətinin yeni mərhələyə keçməsi üçün unikal imkanlar yaradıb. Həm də elm, təhsil, mədəniyyət, turizm və digər sahələri əhatə edən çoxsaylı sənərdlər də imzalanıb. Beləliklə, Prezidentin bu səfəri Azərbaycan-Çin münasibətlərinin keyfiyyətini yeni mərhələyə qaldırır. Hər iki dövlətin beynəlxalq aləmdə də sülhə dəstək verdiyini ifadə edir. Qlobal cənub və qlobal şimal arasında da körpünün qurulması işində də hər iki dövlətin rolu böyükdür”.

Politoloq Tofiq Abbasovun sözlərinə görə, bu səfər beynəlxalq həyatın hadisəsidir:



“Çünki iki ölkə arasında artan münasibətlər tək onların milli zəmində olan hədəfləri üçün vacib deyil. Həm də Avrasiya məkanında nəqliyyat kommunikasiya sistemlərinin şaxələnməsi, güclənməsi, təkmilləşməsi yolunda da böyük bir addımdır. Əlbəttə ki, iki ölkəni birləşdirən çoxsaylı sahələr var. Səfər ondan xəbər verir ki, Çin Azərbaycan, Azərbaycan da Çin üçün çox vacib dərəcədə lazım olan tərəfdaşlardır.Nəzərə alsaq ki, Avrasiya məkanında üç vacib kommunikasiya dəhlizi var: Şimal, Cənub və Orta.

Şimal ilə Cənub problemli vəziyyət olduğuna görə, Şimal Ukrayna-Rusiya münaqişəsinə görə, ümumiyyətlə bağlanıb. Cənubda da bəzi problemlər var. Ona görə də Orta dəhlizin indi mahiyyəti durmadan artır”.

Politoloq vurğulayıb ki, bu, həm Azərbaycanın, həm Çinin, həm də Türk Dövlətlər Təşkilatına daxil olan məmləkətlərin də marağında olan bir məsələdir:

“Türk bir böyük nəhəng istehsalçı kimi vaxtı-vaxtında artan həcmlərin hamısını Qərbə doğru yollasın və bu istiqamətlərdə Azərbaycanın da imkanları bu proseslərin təminatçısına çevriləcək. Bu marşrutlarda tək Çin və Azərbaycan sifarişləri həyata keçmir. Burada başqa dövlətlər də, yəni Avrasiya məkanında, ondan başqa dövlətlər də var. Bu zamanın çağırışlarına, bir az iti çağırışlarına tutarlı bir cavabdır ki, həm Bakı, həm Pekin demək olar ki, işgüzarlıq əmsallarını artırmaqla özlərini ifadə edirlər. Avrasiya məkanı cazibəli, böyük və çiçəklənən olduğu halda həm də bir az təhlükəlidir. Çünki burada bəzi münaqişəli vəziyyətlər var, qaynar nöqtələr hələ də sakitləşmir. Bunları nəzərə aldıqda biz görürük ki, iki dövlət öz strateji tərəfdaşlığını gücləndirməklə, həm də çalışırlar ki, beynəlxalq mühiti, atmosferi sabitləşdirsinlər, ona işgüzar qatqılar əlavə etsinlər. Bu, ona görə lazımdır ki, boşluqlar yaranmasın”.

T.Abbasov diqqətə çatdırıb ki, boşluqlar yaranarsa, mütləq şəkildə onları dağıdıcı potensialla dolduranlar tapılır:

“Bu baş verməsin deyə, həm Çin, həm Azərbaycan işgüzarlıq dialoqunu gücləndirirlər. İlk növbədə, əlbəttə ki, burada siyasi dialoqun vacib rolu var ki, Bakı-Pekin arasında tam anlaşma şəraiti artıq demək olar ki, canlanıb. Digər tərəfdən ölkələr bir-birilərinə dəstək göstərirlər. Tərəfdaşlığımıza xüsus ovqat gətirən də odur ki, biz tək siyasi-iqtisadi cəhətli deyil, həm də humanitar, mədəni, idman sahəsində də çox vacib layihələri artıq həmin ahəng tərzdə həyata keçirməyə vacib bilirik. Ona görə də hesab edirəm ki, bu iki dövlətin işgüzar münasibətləri, sonra da dostluğu, tərəfdaşlığı dünya birliyi üçün böyük bir imtiyaz yarada biləcək amildir. Əminəm ki, həm Azərbaycan, həm Çin Xalq Respublikası elə gələcəkdə də öz münasibətlərinin yüksələn xətt üzrə inkişafını təmin edəcəklər. Bu, əlbəttə ki, ilk növbədə hər iki tərəfin suveren hüquqlarından gələn bir fürsətdir. Münasibətlər ona görə qurulur ki, insanlar inkişaf etsin, ölkələr, xalqlar inkişaf etsin”.

Leyla Turan
Demokrat.az

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” istiqamətində hazırlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top