Kürdəmirdə arvadına hürən itin sahibini söydü, sonra isə... – TƏFƏRRÜAT

HADİSƏ 23 aprel 2025, 16:16
Kürdəmir rayonunda 1963-cü il təvəllüdlü Yahya şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qonşusu Azada xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə Kürdəmir rayonunun Yenikənd kəndi ərazisində baş verib. Kənd sakini Yahya aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qonşusu Azadın baş nahiyəsinə başı ilə qəsdən bir neçə dəfə, əlində olan ağacla isə bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Yahyanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Yahya ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, Azad onun qonşudur, onların münasibətləri normal olub: 

“10 dekabr 2024-cü ildə mənim itim Azadın arvadına hürdü, o, da qorxdu. Azad da ünvanıma söyüş söydü. Səhəri gün, yəni dekabrın 11-də Azadla qarşılaşdım, yenidən aramızda mübahisə düşdü. Başım ilə Azadın sifət nahiyəsinə, əlimdəki ağacla bədəninə vurdum. Azadla barışmışam, ona dəymiş ziyanı tam ödəmişəm”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Azadın sözlərinə görə, Yahya qonşusudur, onların münasibətləri normal olub, aralarında heç bir ədavətləri olmayıb: 

“Dekabrın 10-da evdə olarkən arvadım qışqırdı. Bu səbəbdən dərhal çölə çıxdım. Yahyanın itinin arvadıma hürdüyünü və arvadımın qorxduğunu gördüm. Buna görə də it yiyəsi Yahyanın dalıyca danışaraq itini niyə açıq saxladığını dedim. Səhəri günü biz qarşılaşdıq və Yahya ünvanına danışdığım üçün əsəbi halda mənimlə mübahisə etdi, başı ilə və əlindəki  ağacla bədənimin müxtəlif nahiyələrinə vuraraq mənə xəsarət yetirdi”. 

Bu cinayət işinə Kürdəmir Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Yahya 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxsin üzərinə Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu, Yenikənd kəndində yerləşən evi gecə saat 23:00-dan  səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq vəzifəsi qoyulub.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 aprel 2025, 20:27
Top