Siyahıda olmayan şəxsin plastik cərrah kimi çalışması nə ilə nəticələnəcək?

GÜNDƏM 17 aprel 2025, 17:54

Plastik cərrah kimi fəaliyyət göstərə biləcək həkimlərin və icazə verilən əməliyyatların siyahısı açıqlanıb. Artıq yalnız bu siyahıda adı olan şəxslər plastik cərrah kimi pasiyent qəbul edə bilərlər.

Mövzu ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib ki, siyahıda yer almayan şəxsin plastik cərrah kimi təqdim olunması və bu adla pasiyent qəbul etməsi qanunsuzdur və inzibati məsuliyyətə səbəb olur. Belə hallarda həm həkim, həm də fəaliyyət göstərdiyi tibb müəssisəsi cərimələnə bilər.

AEM-dən bildirilib ki, kosmetoloji və plastik cərrahi xidmət göstərən tibb müəssisələrinin bu fəaliyyət üçün xüsusi lisenziyası, orada çalışan həkimlərin isə müvafiq sertifikatı olmalıdır:

"Kosmetoloji və cərrahi xidmətlər göstərən istənilən tibb mərkəzinin fəaliyyəti üçün kosmetoloji iş və plastik cərrahi iş üzrə özəl tibbi xidmət lisenziyası tələb olunur. Bu tibb müəssisələrində praktiki tibb fəaliyyəti üzrə müvafiq sertifikata malik plastik-cərrahlar, həkim-dermatoloqlar və sertifikat alaraq, ixtisaslaşma keçən digər həkim mütəxəssislər fəaliyyət göstərə bilər. İstənilən pasiyentin kosmetoloq və ya cərrahın sertifikatını tələb etmək hüququ var. Lisenziyalı özəl tibb müəssisələrinə nəzarət AEM tərəfindən plan üzrə və plandankənar yoxlamalar şəklində, lisenziyasız müəssisələrə münasibətdə isə əhalinin sağlamlığına birbaşa və ya mühüm təhlükənin olmasına dair konkret faktlar olduqda, həmçinin müxtəlif qurumlardan daxil olan müraciətlər əsasında plandankənar yoxlamalar şəklində aparılır. Lakin hər hansı bir fəaliyyət subyektində plandankənar (növbədənkənar) yoxlamanın həyata keçirilməsi üçün yoxlamaların vahid məlumat reyestrindən müvafiq icazə alınmalıdır".

Qurumdan bildirilib ki, nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda qanunvericilikdə nəzərdə tutulan inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür. Təkrar aşkar edildikdə təkrar inzibati tənbeh və əlavə tədbirlər həyata keçirilir:

"Konkret olaraq bu hallara görə İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə, 215.1.-ci maddəsində tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə, 215.4-cü maddəsinə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə nəzərdə tutulub".

AEM-dən, həmçinin bildirilib ki, Səhiyyə Nazirliyi tərəfindən yaradılmış Təftiş komissiyasının "Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin Siyahısı" barədə yaydığı məlumatdan sonra ayrı-ayrı klinikalara bildiriş göndərməyə ehtiyac yoxdur:

"Bu siyahı həm Səhiyyə Nazirliyinin rəsmi saytında, həm də ölkədə fəaliyyət göstərən, demək olar ki, bütün media qurumları və onların sosial şəbəkə səhifələrində yayılıb. Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı, o cümlədən reseptsiz antibiotik satışı hallarına rast gəldikdə AEM-in "bir pəncərə" sistemi, (012) 596-05-20 nömrəli qaynar xətti, aem@pharma.az imeyl ünvanı və ya pharma.az saytının müraciət bölməsi vasitəsilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilir".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top