“Məni bağışlamadı və şikayət etdi” — TƏFƏRRÜAT

KRİMİNAL 15 aprel 2025, 15:55
Biləsuvar rayonunda 1979-cu il təvəllüdlü Rəsul şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı faktiki nikah münasibətlərində olduğu Fərqanəyə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 22-də Biləsuvar şəhəri, Alı Mustafayev küçəsində yerləşən evlərdən birində baş verib. 

Rəsul həmin gün saat 11 radələrində birgə yaşadıqları fərdi yaşayış evində faktiki nikah münasibətlərində olduğu Fərqanə ilə aralarında ailə-məişət münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı Fərqanənin sağ göz nahiyəsinə qəsdən bir dəfə yumruqla vurub və ona xəsarətlər yetirib. 

Hadisəni törədən Rəsulun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəsul ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki,20 ildir Fərqanə ilə dini nikah bağlamaqla, faktiki ər-arvad münasibətlərində yaşayırlar: “Bizim faktiki nikahlarımızda 2 uşağımız doğulub. Mən rəsmi olaraq heç bir yerdə işləməsəm də, günəmuzd fəhləlik etməklə ailəmi dolandıram. Fərqanə isə Kommunal Müəssisələr Kombinatında xadimə kimi çalışır. Bizim aramızda münasibətlərimiz həmişə normal olub”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, yanvarın 22-də, saat 11 radələrində Fərqanə ilə evdə olduqları vaxt onun mobil telefonuna qonşuları olan Vüqar adlı şəxs zəng edib və Kəmalə adlı qadının harada olmasını soruşub: “Fərqanə isə həmin şəxsə Kəmalə adlı qadının harada olduğunu bilmədiyini bildirdi və zəngi sonlandırdı. Bundan sonra əsəbiləşərək Fərqanəyə Vüqar adlı şəxsin zəng etməsinə görə iradımı bildirdim və buna görə də aramızda mübahisə yarandı. Həmin mübahisə vaxtı özümdən çıxaraq, Fərqanənin sağ göz nahiyəsinə yumruqla 1 dəfə zərbə endirdim. Buna görə də Fərqanə valideyninin evinə gedəcəyini bildirdi və yaşadığımız evdən getdi. Mən bundan sonra sakitləşdim və etdiyim əməldən peşman oldum. Lakin Fərqanə məni bağışlamadı və Biləsuvar rayon polis şöbəsinə barəmdə şikayət etdi. Mənimlə arvadım arasında baş vermiş mübahisə təxminən 2-3 dəqiqə davam etdi. Mən sonradan arvadımdan üzr istədim və onunla barışığa nail oldum”. 

Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşmançılıq hissi keçirdiyini, arvadıyla barışdığını, himayəsində 2 uşağının olduğunu bildirib. O, barəsində yüngül cəza təyin olunmasını xahiş edib.

Bu cinayət işinə Biləsuvar Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rəsul qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla, 1 il müddətinə islah işləri növündə cəza təyin edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top