“TikTok”dakı trend daha bir CAN ALDI — 8 yaşlı qızın ölümündə GÜNAHKAR KİMDİR?

SOSİAL MEDİA 15 aprel 2025, 16:04
Braziliyada sosial şəbəkələr daha bir uşağın canını alıb. Bədbəxt hadisə aprelin 10-da Seylandiya bölgəsində baş verib. Səkkiz yaşlı Sara Pereyra “TikTok”da məşhurlaşan “dezodorant challenge”da iştirak etmək qərarına gəlib. Bunun üçün o, huşunu itirməsinə səbəb olan aerozol dezodorantından qaz iyləyib.

Zərərçəkmiş təcili olaraq yerli xəstəxanaya aparılıb. Qız reanimasiyada göstərilən səylərə müsbət reaksiya verməyib, bundan sonra ona beyin zədəsi diaqnozu qoyulub. Üç gün sonra məktəbli qızın ürəyi dayanıb. Beləcə həkimlər TikTok "çelenc"i üçün dezodorantla inhalyasiya edən qızı xilas edə bilməyiblər.

Uşaqlar üçün böyük təhlükə

Sosial platformaların zərəri barədə Bizim.Media-ya danışan pediatr Vaqif Qarayev deyir ki, ümumiyyətlə sosial şəbəkələrə qarşıdır:

“İnternet əvəzsiz bir informasiya mənbəyidir. Kim istəyirsə, özünə lazım olan informasiyaları oradan əldə edə bilər. Amma baxın, “TikTok”, “WhatsApp” və digər platformalarda oturanların çoxu uşaqlar və yeniyetmələrdir. Bir zamanlar sosial şəbəkələr yox idi, uşaqlar niyə evdən qaçmırdı?! Heç intihar sayı da bu qədər çox deyildi.

Amma indi həm evdən qaçanların, həm də intihar edənlərin sayı kəskin artıb. Bunların da tək səbəbkarı sosial şəbəkələrdir. Çünki uşaqlar valideynlərinin və müəllimlərinin yox, daha çox sosial şəbəkələrdəki trendlərin arxasınca gedirlər. Bu reallıqsa heç də həmişə uğurlu sonluq gətirmir”.

Müsahibimiz inzibatçılığın əleyhinə olduğunu bildirib:

“Amma bu məsələdə inzibati qadağalar vacibdir. Əks təqdirdə sosial şəbəkələrin ağır nəticələri ilə gələcəkdə daha çox rastlaşa bilərik. Bu məsələdə ailənin də üzərinə böyük məsuliyyət düşür.

Yeniyetmə yaşındakılar nə görürsə, onu özününküləşdirir. Pis vərdişlərə yeniyetmələr daha çox meyl edirlər. Sosial şəbəkələr də pis vərdişlərlə doludur.

Ona görə də valideynlər uşaqlara maksimum dərəcədə nəzarət etməli, onları pis vərdişlərdən çəkindirməlidirlər. Yalnız belə olan təqdirdə uşaqlarımızı faciələrdən qoruya bilərik. Valideynlər çalışmalıdır ki, uşaqlar internetdən ancaq yaxşı mənada faydalansın. Yaxşı məlumatlar alsın, filmlərə baxsın. Yoxsa uşağın sosial şəbəkələrdəki trendlərdə nə işi var. Yeniyetmələrin çoxu gecə saatlarına qədər sosial platformalardadır. Belə olmaz”.

“Valideynlər körpələri telefona öyrəşdirirlər”

Məsələyə psixoloq Gülnar Orucov bildirib ki, bu gün böyüklərdən çox uşaqlarda sosial şəbəkələrdən asılılıq yaranıb.

“Hətta 3-4 yaşlı körpələr belə telefonla oynayır. Bəzi valideynlər də uşaq sakit olsun deyə qəsdən buna şərait yaradır. Amma həmin valideynlər unudurlar ki, bununla da onlar öz uşaqlarının gələcəyini sual qarşısında qoyurlar.

Saatlarla telefonla oynamaq və yaxud kompüter arxasında oturmaq uşaqları sosiallaşmadan uzaqlaşdırır, özlərinə qapandırır. Halbuki hər bir uşaq öz uşaqlığını normal yaşamalıdır. Yəni atılıb düşməli, oynamalı, səs-küy salmalı və beləcə öz enerjisini çıxartmalıdır.

Lakin bəzi valideynlər qulaq dincliyi üçün körpələri və uşaqları telefona öyrəşdirirlər. Belə uşaqlar özlərinə qapanırlar. Özünəqapanma zamanla autizm və digər müalicəsi mümkün olmayan xəstəliklər yaradır. Hələ onu demirik ki, sosial şəbəklər uşaqları pis vərdişlərə sövq edir. Belə vərdişlərsə bəzən ölüm hallarına qədər gedib çıxır. Ona görə də uşaqların sosial şəbəkələrə çıxışına valideynlər məhdudiyyətlər qoymalıdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top