
"Yaxşı xatırlayıram ki, 40 ilə yaxın müxtəlif rəhbər vəzifələrdə işləmiş Qurban Əliyev yaşlı vaxtında Bakının küçələrində "Jiquli" avtomobilini özü idarə edirdi".
Demokrat.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, keçmiş təhsil naziri Misir Mərdanov bildirib.
O qeyd edib ki, martın 30-u on altı il (1971-1987) Azərbaycan SSR-in ali və orta ixtisas təhsili sisteminə bacarıqla rəhbərlik etmiş Əliyev Qurban Həsən oğlunun anım günüdür.
"Yaxşı xatırlayıram, təhsil naziri vəzifəsinə təyin olduğumdan bir il sonra Qurban Əliyev mənə zəng etdi ki, sizinlə görüşmək istəyirəm. Onunla görüş zamanı dedi ki, mən nazir vəzifəsindən azad olduqdan sonra bu binaya gəlməmişəm. Gəldim ki, sizə bəzi məsləhətlər verim". Söhbət zamanı əlavə etdi: "Nazir işlədiyim dövrdə Heydər Əliyev mənə tapşırıq vermişdi ki, hər il avqust ayının ortalarında Moskvaya gedib SSRİ ali və orta ixtisas təhsili naziri Yelyutinlə görüşüm. O, mənə söz verib ki, digər respublikalar üçün ölkənin başqa şəhərlərində təhsil almaq məqsədi ilə ayrılmış və boş qalan yerləri Azərbaycana versin. Beləliklə həmin illərdə biz 15 minə yaxın azərbaycanlı gənci keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərə bildik".
M.Mərdanov Q.Əliyevin tərcümeyi-halına da nəzər salıb:
"Qurban Həsən oğlu Əliyev 1921-ci il iyunun 22-də Rusiyanın Zabaykalye vilayətinin Çita şəhərində anadan olmuşdur. Atası Həsən kişi İrəvanda anasını təhqir etmiş rus əsgərini öldürdüyünə görə tutulub mühakimə edilərək, Uzaq Şərqə - Zabaykalye vilayətinin Çita şəhərinə sürgün edilmişdi. O, 1904-cü ildə elan olunmuş çar Manifestindən sonra azad olunur və bir müddət Zabaykalyedə yaşayır. Bu müddət ərzində Həsən böyük səylə çalışaraq geniş imkan sahibi olur və Çita şəhərinin nüfuzlu şəxslərindən biri kimi tanınır. Az sonra o, İrəvana qayıdaraq bəy nəslindən olan Göyçək Əliyeva (görkəmli dövlət xadimi Əziz Əliyevin bacısı) ilə evlənib və onu da özü ilə Çita şəhərinə aparmışdır. Sibirdə onların 13 övladı dünyaya göz açsa da, taleyin qismətindən yalnız üç uşağı (Qurban, Yusif və Məhərrəm) sağ qalmışdılar. Həsən kişi 1931-ci ildə ailəsi ilə Bakıya qayıtmışdır. Oğlu Məhərrəm bədbəxt hadisə nəticəsində həlak olmuş, Yusif İkinci Dünya Müharibəsində iştirak etmiş və Azərbaycanın müxtəlif rayonlarında həkim kimi fəaliyyət göstərmişdir.
On yaşlı Qurban Əliyev Bakıdakı 6 nömrəli məktəbdə təhsilini davam etdirmiş, 1941-ci ildə orta məktəbi bitirdikdən sonra Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna (İndiki Azərbaycan Tibb Universitetinə) daxil olmuşdur. 1946-cı ildə institutu bitirdikdən sonra Xızı rayonunda həkim kimi fəaliyyətə başlamışdır. Az sonra təşkilatçılıq bacarığı, idarəetmə qabiliyyəti nəzərə alınaraq həmkarlar təşkilatı sahəsində vəzifəyə irəli çəkilmiş, 1958-1961-ci illərdə Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışmıdır.
O, 1959-cu ildə namizədlik dissertasiyası müdafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsi almış, Azərbaycan Dövlət Tibb İnstitutunun daxili xəstəliklər kafedrasında elmi pedaqoji fəaliyyət göstərmişdir.
Qurban Əliyev 1961-ci ildə 26 Bakı komissarı (indiki Səbail) rayon partiya komitəsinin birinci katibi seçilmiş, on il bu vəzifədə çalışmışdır.
O, 1971-ci ilin iyununda Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili naziri vəzifəsinə təyin edilmişdir. Onun nazir vəzifəsində işlədiyi illərdə (1971-1987) azərbaycanlı gəncələrin SSRİ-nin nüfuzlu ali təhsil müəssisələrinə göndərilməsi geniş vüsət almış, 15 mindən artıq mütəxəssis SSRİ-nin nüfuzlu ali məktələrində təhsil alıb vətənə qayıtmışdır. Bununla yanaşı həmin dövrdə hər il 50-60 nəfər azərbaycanlı gənc aspirantura (indiki doktorantura) təhsili almaq üçün SSRİ-nin nüfuzlu ali məktəblərinə və elmi mərkəzlərinə göndərilmişdir. Həmin dövrdə hər bir addımın Moskva ilə razılaşdırılması baxımından mövcud olan çətinliklərə baxmayaraq bir neçə təhsil müəssisəsi, o cümlədən Azərbaycna Texnologiya İnstitutu (indiki Gəncə Texnologiya Universiteti), Gəncə Avtomobil Texnikumu, Lənkəran və Naxçıvan musiqi məktəbləri, Bakı Maşınqayırma Texnikumu və Azərbaycan İnşaat Mühəndisləri İnstitutu (indiki Memarlıq və İnşaat Universiteti) fəaliyyətə başlamışdır.
1987-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi Mixail Konovalov milli kadrlara üstünlük verməsini bəhanə edərək onu millətçi adlandırmışdır. Bu haqsızlığa etiraz edən Qurban Əliyev: "Nə etmişəmsə, xalqım üçün, vətənim üçün etmişəm və bundan da peşman deyiləm" deyərək nazir vəzifəsindən çıxmaq üçün ərizəsini yazmışdır.
Qurban Həsən oğlu Əliyev hansı vəzifədə işləməsindən asılı olmayaraq həmişə milli təəssübkeşlik nümayiş etdirmiş, ciddi təzyiqlərə baxmayaraq bir vətəndaş kimi öz mövqeyini dəyişməmişdir.
O, on altı il ölkəmizin Ali və Orta İxtisas Təhsili naziri vəzifəsində işləyərək, təhsil sisteminin təkmilləşdirilməsin, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, istiqamətində təqdirəlayiq xidmətlər göstərmiş, eyni zamanda Azərbaycan Dövlət Tibb İnstitutunun professoru kimi səmərəli fəaliyyətini davam etdirmişdir.
Qurban Əliyev respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak etmiş, altı çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilmiş, 1966-cı ildə respublikanın əməkdar həkimi adına layiq görülmüş, dövrün ən yüksək mükafatları - "Oktyabr inqilabı", "Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı", "Xalqlar dostluğu" ordenləri və müxtəlif medallarla təltif edilmişdir.
Tanınmış ictimai xadim və pedaqoq, bacarıqlı elm və təhsil təşkilatçısı, vətənpərvər insan Qurban Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur. O, 2008-ci ilin martın 30-da Bakı şəhərində vəfat etmiş və İkinci Fəxri xiyabanda dəfn edilib". (Teleqraf)