“Qızılqaya” restoranında dava düşdü: 2 nəfər xəsarət aldı

HADİSƏ 25 mart 2025, 10:56
Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda dava olub. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə Culfa rayonunun Yayçı kəndində yerləşən “Qızılqaya” restoran-kafedə baş verib. 

Culfa rayon sakini, 1984-cü il təvəllüdlü Qalib Məmmədov həmin restoranda dava salıb, həmkəndliləri – Zaur və Əhlimana xəsarət yetirib. Hadisə ötən ilin avqustun 26-da baş verib. 

Hadisəni törədən Qalibin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qalib ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, 7 ildir avtomobili təmiri ilə məşğul olur, dəmirçi malyardır: 

“2012-ci ildə Bakı şəhərində özümə məxsus “Mercedes” markalı avtomobili ilə yolu piyada keçən qadını vuraraq ölümünə səbəb olmuşam və Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuşam, 3 il 6 ay həbs yatdıqdan sonra azadlığa çıxmışam. Həbsdən çıxdıqdan sonra öz kəndimdə avtomobil təmiri ilə məşğul olmağa başlamışam”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, avqsutun 25-də, saat 22:00-da “Qızılqaya” restoran-kafedə əyləşərək enerji içkisi içdim:

“Orada telefonla ucadan danışmağa başladım. Bu zaman yaranmış səs-küyə görə kafenin müdiri mənə  tərəf yaxınlaşdı, bir az sakit olmağımı bildirdim. Mən də “bura kafedir, səs-küy olacaqdır” deyərək irad bildirdim. Onunla sözlü şəkildə mübahisə etdim. Onunla mübahisə etdikdən sonra oradan çıxaraq getməyi qərarlaşdırdım. Həmin vaxt orada olan qonşum ilə restoran-kafeni tərk edərək evimə tərəf getdim. Yolda gedərkən həmkəndlim mənə zəng vurdu, evlərinə çay içmək üçün dəvət etdi. Mən də qonşumdan həyət qapılarının yanında ayrılaraq evimə getdim. 

Daha sonra oradan Zülfüqargilə tərəf getdim. Zülfqargilin həyətlərində çay içmək üçün əyləşdim. Həmin vaxt məndən böyük olan qardaşım zəng vurdu, mənə əsəbi şəkildə “sən niyə gedərək “Qızılqaya” restoran-kafedə səs-küy salmısan” deyərək hirsləndi. Qardaşımdan mənim səs-küy saldığımı kimin dediyini soruşdum. Qardaşım kafedən zəng vuraraq dediklərini bildirdi. Zülfüqargildə çay içmədən masadan ayrıldım və birbaşa “Qızılqaya” restoran-kafeyə tərəf getdim. Zülfüqar da yanımda olub. Kafeyə getməkdə məqsədim mənim səs-küy salmam barədə məlumat verənin kim olmasını öyrənmək olub”.

Qalibin ifadəsinə görə, kafenin içərisinə daxil olub, həmin vaxt orada kafenin müdiri, Əhliman və Zaurun bir masanın ətrafında əyləşdiyini görüb: 

“Həmin masaya tərəf getdim. Onlardan qardaşıma kimin zəng vuraraq mənim səs-küy salmağımı dediyini soruşdum. İlk öncə həmin şəxslər bilmədiklərini dedilər. Sonra nalayiq sözlərlə söyüş söydüm. Bu zaman həmin kafedə qarson işləyən Əhliman adlı şəxs zəng vuraraq  qardaşım Xaqaniyə məlumat verdiyini bildirdi. Mən Əhlimanın  başından şillə ilə vurdum və “adam kişi olar” dedim. Həmin vaxt Əhliman masada əyləşdi. Onu vuran zaman o yerindən qalxdı və söydüyüm söyüşə qarşılıqlı şəkildə cavab verdi. Həmin vaxt masada əyləşmiş Zaur adlı digər bir həmkəndlim mənə “sən bu nə sözlərdi danışırsan, ayıbdır” deyərək irad bildirdi. Ona “sən qarışma, sənlik deyil” deyərək cavab verdi. Bu zaman Zaur mənə  hirsləndi və “çıx cəhənnəm ol çölə” deyərək cavab verdi. Mən də masanın üzərində olan qədəhi götürərək onun üzərinə doğru tulladım. Qədəh onun sol gözünün üstündən, alın nahiyəsinə dəydi. Zaurun alnından qan gəlməyə başladı. Orada olan şəxslər məni kənara dartaraq apardılar. Restoran-kafenin qapısında olarkən içəri polis əməkdaşları daxil oldu. Məndən hadisənin mənim tərəfimdən törədilib-törədilmədiyini soruşdular. Polis əməkdaşlarına hadisəni özümün törətdiyimi bildirdim. Məni Culfa Rayon Polis Şöbəsinə dəvət etdilər. Polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getdim”.

Bu cinayət işinə Culfa Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Qalibin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top