Media: Cəmiyyətin güzgüsü və ictimai maraqların qoruyucusu

MEDİA 22 mart 2025, 18:50
Media cəmiyyətin güzgüsüdür və ictimai maraqların qorunmasında mühüm rol oynayır. Jurnalistlər və media qurumları yalnız xəbərləri çatdırmaqla kifayətlənməyib, həm də ictimaiyyəti məlumatlandırmaq, şəffaflığı təmin etmək və vətəndaşların hüquqlarını müdafiə etmək kimi önəmli funksiyaları yerinə yetirirlər. Onlar dövlət siyasətini işıqlandırmaqla yanaşı, cəmiyyətin rifahına təsir edən məsələləri gündəmə gətirməklə vətəndaşların problemlərini qabardır və onların həlli yollarını müzakirəyə çıxarırlar.



Lakin bəzən media ilə dövlət maraqları arasında balansı qorumaq çətin olur. Xüsusilə də, dövlətin milli təhlükəsizlik, ictimai asayiş və məxfi məlumatların qorunması kimi prioritetləri olduğu halda, jurnalistlərin əsas məqsədi ictimaiyyəti hərtərəfli və obyektiv məlumatlandırmaqdır. Bu zaman medianın rolu daha da əhəmiyyətli olur: bir tərəfdən jurnalistlər cəmiyyətin həqiqəti bilmə hüququnu təmin etməli, digər tərəfdən isə dövlətin təhlükəsizlik və strateji maraqlarına xələl gətirməməlidir.

Media cəmiyyətin güzgüsü və ictimai maraqların qoruyucusu kimi çıxış edir. Bunun üçün obyektivlik, dəqiqlik və balanslı yanaşma əsas prinsip olmalıdır. Jurnalistlər məlumatları təqdim edərkən hər iki tərəfin mövqeyini dinləməli, fərqli baxış bucaqlarını əks etdirməli və manipulyasiyadan çəkinməlidirlər. Əks halda, media ya dövlət təbliğat vasitəsinə çevrilə bilər, ya da qeyri-peşəkar və ya qərəzli xəbərlərlə cəmiyyətdə çaşqınlıq yarada bilər.

Dövlət siyasətini işıqlandırmaq və vətəndaş maraqlarını qorumaq arasında balans yaratmaq üçün media etik jurnalistika prinsiplərinə əməl etməlidir. Jurnalistlər yalnız rəsmi mənbələrə əsaslanmamalı, araşdırma aparmalı, fərqli mənbələrdən informasiyanı yoxlamalı və senzura ilə dezinformasiya arasında incə xətti qorumalıdırlar.

Bəs media bu balansı necə qoruya bilər? 

Bu məsələdə medianın rolu və qarşılaşdığı çağırışlar haqqında daha ətraflı məlumat almaq üçün tanınmış jurnalistlər və media ekspertlərinin fikrini öyrəndik.

 Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, MEDİA-nın Müşahidə Şurasının üzvü Vüqar Zifəroğlu Demokrat.az-a açıqlamasında bildirib ki, şübhəsiz, burada ilk növbədə vurğulanmalı məqam jurnalistikanın dəyərləri və prinsipləridir:


“Jurnalistlər faktlara əsaslanan, qərəzsiz informasiya təqdim etməli, balansı hər zaman gözləməlidirlər. Yalnız bu halda media həm dövlət, həm də cəmiyyət qarşısında IV hakimiyyət olaraq daşımalı olduğu əsas funksiyaları tam mənası ilə yerinə yetirə bilər.Media öz fəaliyyəti ilə bağlı ictimaiyyətə hesabat verməli, maliyyə mənbələri və redaksiya siyasəti haqqında açıq olmalıdır. Bu, oxucuların və tamaşaçıların mediaya olan etimadını artırır.
Eyni zamanda media cəmiyyətin problemlərini işıqlandıraraq dövlət siyasətinin vətəndaşların ehtiyaclarına uyğun olmasını təmin etməyə kömək etməlidir. Sensasiyalı və manipulyativ məlumatlardan çəkinərək, dəqiq və balanslı informasiya vermək əsas prinsip olmalıdır. Faktların yoxlanılması, müxtəlif tərəflərin mövqeyinin işıqlandırılması media etikasının tərkib hissəsidir. Media yalnız məlumat ötürməməli, həm də cəmiyyətin rəyini öyrənməli və insanların problemlərinə həssas yanaşmalıdır. Bu mənada medianın maarifləndirici funksiyasının da önəmini xüsusi vurğulamaq lazımdır. Jurnalistikada sosial məsuliyyətin önəmi dövlət-media-cəmiyyət münasibətlərində əsas bünövrəni təşkil edən ən vacib komponentlərdəndir. Jurnalistika cəmiyyətin güzgüsü olmaqla yanaşı, ictimai rəyi formalaşdıran, maarifləndirən və sosial çevrəyə təsir göstərən əhəmiyyətli sosial-siyasi institutdur. Medianın sosial məsuliyyəti cəmiyyətdə baş verən hadisələri obyektiv şəkildə şərh etmək, dezinformasiyanın yayılmasının qarşısını almaq və ictimai maraqları qorumaq kimi öhdəlikləri əhatə edir. Birincisi, media informasiya yayarkən obyektivliyi qorumalı və manipulyasiyadan uzaq dayanmalıdır. Cəmiyyətin informasiyaya çıxış imkanlarının artması ilə saxta xəbərlərə və yalan informasiyalara rast gəlmək daha asan olub. Buna görə də medianın sosial məsuliyyəti faktları yoxlamaq və cəmiyyəti dəqiq məlumatla təmin etməkdir”.

V.Zifəroğlu onu da vurğulayıb ki,  ikincisi, media sosial ədalətin təmin olunmasında mühüm rol oynayır: 

“Ayrı-seçkiliyin, zorakılığın və haqsızlıqların üzə çıxarılması və ictimaiyyətdə bu problemlərə qarşı həssaslıq yaradılması medianın əsas vəzifələrindəndir. Medianın işıqlandırdığı sosial problemlər ictimai müzakirələrə səbəb olaraq, dəyişikliyə təkan verə bilər.

Üçüncüsü, media gələcək nəsillərin formalaşmasında da önəmli rol oynayır. Maarifləndirici proqramlar, sosial dəyərlərin təbliği və etik prinsiplərin qorunması medianın sosial məsuliyyətinin bir hissəsidir. Medianın yaydığı məlumatlar cəmiyyətdə formalaşan davranış modellərinə təsir etdiyindən, bu sahəyə xüsusi diqqətlə yanaşılmalıdır.

Nəticə etibarilə, medianın sosial məsuliyyəti onun obyektivliyini qoruması, ictimaiyyətin rifahını dəstəkləməsi və haqsızlıqlara qarşı səs qaldırması ilə ifadə olunur. Cəmiyyət və dövlət bu məsuliyyəti qorumaq üçün medianı dəstəkləməli, azad və obyektiv jurnalistikanın inkişafını təmin etməlidir”.

Azxəbər.az saytının baş redaktoru Əfsələddin Ağalarov Demokrat.az-a açıqlamasında bildirib ki, jurnalistika ümumilikdə dünyanın bir sıra önəmli peşələrindən biridir və ən əsası, insan həyatını rahatlaşdıran, onun formalaşmasına imkan yaradan sahələrdən biridir:


“Əlbəttə ki, jurnalistikanın özünəməxsus qaydalarının və prinsiplərinin olması da məhz bununla əlaqəlidir. Məsələn, biz zaman-zaman eşidirik ki, jurnalistikanın müəyyən prinsipləri var. Bəs bu prinsiplər nədən ibarətdir? Onların hər birini sadaladığımız zaman insan faktorunu görmüş oluruq. Yəni informasiya obyektiv və dəqiq olmalıdır ki, hansısa bir insanın, kütlənin və ya cəmiyyətin formalaşmasına zərər yetirməsin. Təəssüflər olsun ki, bu gün cəmiyyətimizdə informasiya çirkliliyinin günü-gündən artdığını görürük. İnformasiya çirkliliyinin artmasının ən başlıca səbəblərindən biri də peşəkar medianın bəzi hallarda sosial mediaya uduzması, dezinformasiyaların sürətli şəkildə yayılması və nəticədə media çirkliliyinin formalaşmasıdır. Əlbəttə ki, belə bir şəraitdə "media cəmiyyətin güzgüsüdür" ifadəsini işlədərkən subyektiv məsələlərə diqqət yetirməliyik. Çünki informasiya çirkliliyinin olduğu bir cəmiyyətdə medianın cəmiyyətin güzgüsü olduğunu demək müəyyən qədər haqsızlıq olar. Bu baxımdan, peşəkar media dezinformasiyaların yayılmasına, media viruslarının formalaşmasına və informasiya təhlükəsi yaradan hallara qarşı mübarizə aparmalıdır”.

Ə.Ağalarov onu da qeyd edib ki, dövlət siyasətini işıqlandırmaq və vətəndaş maraqlarını qorumaq arasında balansı qorumaq getdikcə çətinləşir:

“Ümumiyyətlə, informasiya ilə dövlət sirri arasında çox incə bir xətt var. Bu xəttin bir tərəfində informasiya, digər tərəfində isə dövlət sirri dayanır.

Belə olan halda, jurnalist dövlət sirrinin və dövlət maraqlarının nə olduğunu anlayaraq informasiyanı yazmalıdır. Bunun üçün də jurnalist peşəkarlığı mövzusu yenidən gündəmə gəlir. Çünki əgər jurnalist peşəkardırsa və onun peşəkarlıq səviyyəsi yetərli dərəcədə inkişaf edibdirsə, o, nəyin informasiya, nəyin dövlət maraqları və nəyin dövlət sirri olduğunu ayırd edə biləcək.

Əlavə olaraq, jurnalist hər şeydən öncə bir vətəndaşdır və onun vətəndaşlıq mövqeyi var. Bu baxımdan, onun dövlət maraqlarını və ümumi dövlət siyasətini qoruması labüddür və vacibdir.

Bəzən kiçik informasiyaların paylaşılması, hansı ki, onlar dövlət sirri daşıya biləcək məlumatlar ola bilər, cəmiyyətdə yanlış tendensiyaların yaranmasına səbəb olur. Həmçinin, bizi istəməyən qüvvələrin, xüsusən də düşmən dairələrin əlinə fürsət verir.

Belə hallarda medianın peşəkarlığı elə bir səviyyədə olmalıdır ki, bu məsələlər diqqətdə saxlanılsın və dezinformasiyalar yayıldığı zaman istər sosial mediada, istərsə də mətbuat səhifələrində  dərhal reaksiya verilsin və lazımi mübarizə aparılsın”.

Leyla Turan
Demokrat.az


Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “İctimai və dövlət maraqlarının  müdafiəsi” istiqamətində hazırlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top