
“Şamaxı”nın legionerlərinin ən böyük dərdi ailə ilə bölgədə yaşamağın çətinliyidir.
Düzdür, şərait baxımından hər şey idealdır. Ölkənin ən dəbdəbəli otellərindən biri komandanın ixtiyarına verilib ki, top ustalarının yaxınları da orada yaşaya bilir.
Lakin mövzu futboldankənar həyata gələndə, vəziyyət qəlizləşir. Hər gün Bakıya gedib-qayıtmaq olmur, Şamaxıda da turistlər üçün yaradılan şərait yüksək deyil.
Əyləncə məkanları yox dərəcəsindədir. Xüsusən soyuq və şaxtalı aylarda “bıçaq boğaza dirənir”.
Bölgə təmsilçisinin rumın legioneri Andrey Tırkoveanu da xanımını və övladlarını bəh-bəhlə Şamaxıya dəvət edibmiş. Ailə üzvləri bir müddət burada qalandan sonra xanımı Rumıniyaya qayıtmaq istədiyini bildirib.
Gerisini səbəbkarın dilindən eşidək:
“Xanımım və uşaqlarım Azərbaycana gəlmişdilər. Təxminən ayyarım birlikdə yaşadıq. Açığı, iki uşaqla bir az çətin idi. Ona görə də qayıtmalı oldular.
Futbol oynamaq, idmana köklənmək baxımından Şamaxı əla yerdir. Həm də məşqçi və futbolçu heyəti üçün yaxşı imkan yaradılıb.
Sadəcə, uşaqlar üçün bir yerdə qalmaq çətindir. Daim gəzmək, əylənmək istəyirlər.
Onlar məni, mən də onları başa düşürəm. Bu gün vacib olan futbol oynamaq, nəticə qazanmaqdır.
Bura işləmək üçün gəlmişəm. Ailə ilə gəzib-dolaşmaq üçün vaxt tapmaq olar”.
27 yaşlı futbolçunun karyerası əsasən Rumıniya klubları ilə bağlıdır. Ötən mövsüm Kanadada legioner həyatı yaşayandan sonra Azərbaycana üz tutub. (Sportinfo)