
Artıq bir neçə gündür, Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə təxribatları davam edir. Azərbaycan Müdafiə Nazirliyinin məlumatlarına əsasən, Ermənistan şərti sərhəddə Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutur.
Ermənistan bununla, növbəti dəfə ikili oyun yürütmək siyasətinə əl atır. Ermənistanın Baş naziri Nikol Paşinyan bir yandan beynəlxalq ictimaiyyətə sülh tərəfdarı kimi görünməyə çalışır, eyni zamanda atəşkəs pozuntuları baş verir və intensivləşir. Ermənistanın əvvəlki rəhbərləri də sülhdən danışıb, eyni zamanda hərbi təxribatlara yol verirdilər. Paşinyan da eyni yolu gedir.
Şərti sərhəddə atəşkəsin pozulması
Martın 4-dən etibarən Ermənistanın silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini ardıcıl atəşə tutaraq yeni təxribatlara əl atır. Son günlər isə atəşkəsin intensiv pozulması qeydə alınıb. Martın 16-da, 17-də və 18-də Azərbaycan Ordusunun mövqeləri fasilələrlə bir neçə dəfə atəşə tutulub.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Abdullayev APA-ya açıqlamasında Ermənistanın sülh sazişi ilə bağlı razılaşma elan edildikdən sonra məqsədli açıqlamalar və sərhəddə təxribatlar yolu ilə manipulyasiya cəhdlərinə əl atdığını deyib.
“Ermənistanın son iki gündə təxribatlara əl atmasını anlamaq üçün bundan öncə baş verən proseslərə diqqət yetirmək lazımdır. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanla sülh sazişinin son mətni üzərində əldə olunmuş razılaşma barədə məlumat verməsindən sonra Ermənistan rəsmiləri məqsədli şəkildə müəyyən açıqlamalar səsləndirməyə başladılar. Xüsusilə, bu açıqlamalar son iki gündə artan təxribatların bir hissəsi və həmin siyasətin davamı kimi qiymətləndirilə bilər. Çünki rəsmi İrəvan bu açıqlamalar vasitəsilə elə bir fon yaratmaq istəyir ki, sanki müqavilə artıq bağlanıb. Lakin bu fəaliyyətlər gözlənilən nəticəni vermədiyindən, görünür ki, rəsmi İrəvan alternativ variantlara əl atmağa çalışır. Bu alternativlərdən biri də sərhəd zonasında təxribatlar törətməkdir”.
Ekspert qeyd edib ki, Ermənistan rəsmilərinin bəyanatları, həm də sərhəddə törədilən təxribatlar bu ölkənin ikiüzlü xarici siyasətinin və müəyyən təzyiq strategiyasının tərkib hissəsidir: “Bu təxribatların əsas məqsədi bir neçə faktora əsaslanır. Əlbəttə, bu faktorlardan biri sülh sazişinin razılaşdırılması prosesində Azərbaycanın beynəlxalq mövqeyini zəiflətmək və ölkəmizi qeyri-konstruktiv tərəf kimi təqdim etməkdir. Belə manipulyasiyalar Ermənistanın ənənəvi alətlərindən biridir. 30 illik işğal dövründə də sülh danışıqları zamanı Ermənistan hakimiyyəti daim oxşar metodlardan istifadə edib və təxribatlara əl atmaqla beynəlxalq aləmdə Azərbaycana qarşı təzyiq yaratmağa çalışıb”.
Psixoloji müharibə yoxsa, nizam-intizamsızlıq?
Müasir dövrdə hərbi qarşıdurmalar təkcə fiziki döyüş meydanında deyil, eyni zamanda psixoloji və informasiya müstəvisində də aparılır. Son zamanlar atəşkəsin pozulması ilə yanaşı, erməni hərbçilər şərti sərhəddə məhz bu kimi addımlara da yol verir. Şərti sərhəddəki döyüş postunda xidmət aparan erməni əsgərlər təhqiramiz ifadələr və təhrikedici jestlərdən istifadə edərək Azərbaycan hərbçilərini emosional reaksiyalara çəkmək istəyirlər.
Bu isə iki yandan qiymətləndirilə bilər - psixoloji müharibənin bir forması və Ermənistan hərbçilərinin intizamsızlığı...
Şərti Sərhəddə xidmət aparan hərbçilər arasında müəyyən ünsiyyət hallarının olması mümkündür, lakin əgər bu cəhdlər Azərbaycan hərbçilərinə təsir etmək, onların döyüş ruhunu zəiflətmək və ya psixoloji təzyiq göstərmək məqsədi daşıyırsa, bu, açıq şəkildə psixoloji müharibə elementidir.
Psixoloji müharibə strategiyalarının əsas məqsədi hərbçilərin mənəvi-psixoloji vəziyyətini zəiflətmək, onların döyüş qabiliyyətini aşağı salmaq və hərbi nizam-intizamı pozmaqdan ibarətdir. Belə metodlar informasiya manipulyasiyası ilə birləşdirilərək beynəlxalq ictimaiyyətə yanlış təsəvvürlər aşılamağa yönəldilmiş kompleks fəaliyyətlərdir. Bu, əsas psixoloji təxribat metodlarından biridir və hərbçilərin əsəblərini tarıma çəkməklə onların davranışlarını nəzarətsiz hala gətirmək məqsədi daşıyır.
Yox, əgər bu addımlar fərdi intizamsızlıqdan qaynaqlanırsa və konkret bir strategiyaya əsaslanmırsa, onda bu, sadəcə, nizam-intizam problemi kimi qiymətləndirilə bilər.
Ermənistan Ordusunda nizam-intizamın zəif olduğu sirr deyil. Bəzi erməni hərbçilərin fərdi təşəbbüslərlə sərhəddə xidmət aparan Azərbaycan hərbçiləri ilə ünsiyyətə cəhd etməsi ordudakı korrupsiyanın, şəxsi heyətin nizam-intizam qaydalarına riayət etməməsinin və rəhbərlik səviyyəsində koordinasiyanın yetərsiz olmasının göstəricisi sayıla bilər.
Politoloq isə hesab edir ki, Ermənistan tərəfi bizim hərbi qulluqçulara psixoloji təsir göstərməklə, bir tərəfdən atəşkəsin pozulmasına səbəb olmaq, digər tərəfdən isə hərbçilərimizin mənəvi-psixoloji durumunu zəiflətmək məqsədi güdə bilər: “Fikrimcə, sülh sazişinin razılaşdırılması prosesində Ermənistan məqsədyönlü şəkildə şərti sərhəd zonasında gərginlik yaratmaq, eyni zamanda, beynəlxalq ictimaiyyətə Azərbaycanın guya sülh prosesində qeyri-konstruktiv mövqe tutduğunu nümayiş etdirməyə çalışır. İstisna etmirəm ki, Ermənistan hakimiyyətinin bu təxribat xarakterli addımlarına Aİ müşahidə missiyası da alət olub. Belə ki, baş verən təxribatlardan sonra onlar dərhal hadisə bölgəsinə göndəriliblər. Lakin Ermənistan hakimiyyəti anlamalıdır ki, şərti sərhəd zonası tam şəkildə Azərbaycan Silahlı Qüvvələrinin müşahidəsi altındadır. Zərurət yaranarsa, baş verən təxribatlarla bağlı bütün mövcud faktlar təqdim edilə bilər və artıq bu, bir neçə dəfə sübuta yetirilib. Ümumiyyətlə, dünyada mövcud olan qeyri-sabit geosiyasi vəziyyət və baş verən hadisələr regionumuza da təsirsiz ötüşmür. Belə bir şəraitdə gələcək prosesləri proqnozlaşdırmaq çətinləşir. Lakin Ermənistanın bu cür təxribatlara davam edəcəyini də istisna etmirəm”.
Ermənistanın təxribatlarının məqsədi
Ermənistanın bu cür təxribatları sülh sazişi üzrə danışıqların intensivləşdiyi bir dövrdə baş verir ki, bu da İrəvanın sülh prosesində maraqlı olmadığını açıq şəkildə nümayiş etdirir. Belə təxribatçı addımlar yalnız bölgədə sabitliyi pozmağa yönəlib və tərəflər arasında inamın formalaşmasına ciddi maneə törədir. Ermənistanın bu siyasəti həm regional təhlükəsizliyə, həm də beynəlxalq hüquqa ziddir. Bu baxımdan, bu cür hərəkətlərin davam etdirilməsi gələcəkdə gərginliyin artmasına və yeni təhlükəli eskalasiyalara gətirib çıxara bilər.
Sülh prosesinin uğurla davam etdirilməsi və bölgədə sabitliyin möhkəmləndirilməsi üçün Ermənistanın bu kimi addımlardan çəkinməsi vacibdir. Ermənistan rəhbərliyi anlamalıdır ki, davamlı gərginlik və qarşıdurma siyasəti nə ölkənin iqtisadi inkişafına, nə də sosial rifahına xidmət edir. Əksinə, münaqişə və hərbi təxribatların davam etdirilməsi Ermənistanın regional və beynəlxalq nüfuzuna ciddi zərbə vurur, onun iqtisadi və siyasi təcridini daha da dərinləşdirir.
Beynəlxalq ictimaiyyətin də bu məsələdə prinsipial və ardıcıl mövqe sərgiləməsi vacibdir. Ermənistanın törətdiyi təxribatlar beynəlxalq hüquq çərçivəsində qiymətləndirilməli, bu kimi addımların qarşısının alınması üçün təsirli mexanizmlər işlənib hazırlanmalıdır.
Fuad Abdullayevin fikrincə, Ermənistanın sərhəddə törətdiyi təxribatların məqsədi beynəlxalq ictimaiyyətin diqqətini Cənubi Qafqaza yönəltməkdir: “Bu addım onların beynəlxalq arenada öz mövqeyini gücləndirmək və təhlükə altında olduqları görüntüsünü yaratmaq məqsədinə xidmət edir. Bundan əlavə, Ermənistan daxilində mövcud ictimai-siyasi vəziyyət də bu təxribatların səbəblərindən biri ola bilər. Belə ki, son vaxtlar ölkədə müxtəlif əhali qrupları mütəmadi olaraq etiraz aksiyaları keçirir və hakimiyyətə qarşı narazılıqlar artır. Bu kontekstdə Ermənistan hökuməti Azərbaycanla sərhəd zonasında təxribatlar törədərək ictimai diqqəti daxili problemlərdən yayındırmaq məqsədi güdə bilər. Daha bir mühüm məqam isə ondan ibarətdir ki, Ermənistanın sülh sazişinin razılaşdırılması prosesində bu cür təxribatlara əl atması, əslində, onların sülh istəmədiyini açıq şəkildə nümayiş etdirir. Faktiki olaraq, son dörd il ərzində Ermənistan hərbi büdcəsini üç dəfə artırıb və mütəmadi olaraq silahlanır. Bu isə göstərir ki, onlar sülhə hazır deyillər. Təxminən 13 milyard ABŞ dolları borcu olan Ermənistanın müdafiə xərclərini artırması və hücum xarakterli müasir silahlar alması, onların sülh tərəfdarı olması ilə ziddiyyət təşkil edir. Ermənistan bu təxribatlar vasitəsilə özünü sülh tərəfdarı kimi qələmə verməyə çalışır. Lakin reallıq tam əksini göstərir – Ermənistan əslində müharibəyə hazırlaşır və bunu pərdələməyə çalışır”.
Azərbaycan Ordusunun peşəkarlığı və təmkini
Ermənistanın təxribatları fonunda Azərbaycan hərbçilərinin davranışları da diqqət çəkəndir
Azərbaycan Ordusu yüksək peşəkarlıq və intizam nümayiş etdirərək bu cür təxribatlara uymur. Hərbçilərimiz düşmənin həm silahlı, həm də psixoloji hücumlarına məhəl qoymadan, soyuqqanlı davranaraq onların planlarını uğursuzluğa uğradır. Bu, Azərbaycan Ordusunun döyüş və psixoloji hazırlığının yüksək səviyyədə olduğunu bir daha sübut edir.
Bununla belə, Fuad Abdullayev qeyd edib ki, Ermənistan təxribatları davam etdirərsə, hərbi qarşıdurma baş verə bilər: “Ermənistan bu addımları atmaqla, əslində, sülhə hazır olmadığını, daha doğrusu, sülhə nail olmaq istəmədiyini bir daha göstərir. Bunun əvəzində, prosesi uzadaraq yeni silahlar əldə etmək və vaxt qazanmaq niyyəti güdür. Görünən odur ki, Ermənistan hakimiyyəti yenidən boş xəyalların arxasınca qaçmağa çalışır. Ermənistan Fransa və digər havadarlarının əsassız siyasi dəstəklərinə güvənərək, regionda gərginliyi artırmaq, sülh prosesinə xələl gətirmək və gələcəkdə yeni müharibəyə səbəb ola biləcək vəziyyət yaratmağa cəhd edir. Lakin qeyd etməliyəm ki, əgər Ermənistan bu təxribatlara davam edərsə, Azərbaycan Ordusu buna adekvat cavab verməyə tam hazırdır. Ermənistan belə bir addım atarsa, bunun nəticələrindən ciddi şəkildə peşman olacaq. İrəvan unutmamalıdır ki, “Dəmir yumruq” yerindədir”.
Sülh və təhlükəsizliyə əsaslanan Azərbaycan dövləti və ordusu Ermənistanın təxribatlara uymur, sərhədlərimizin toxunulmazlığını qorumaq üçün lazımi tədbirlər həyata keçirilir. Azərbaycan Ordusu hələlik yalnız müdafiə xarakterli tədbirlər görür və heç bir təxribatçı addımlara yol vermir.
Ermənistan da, öz növbəsində, sülhə süni maneələr yaratmamalı, bu prosesdə səmimi iştirak etməli və hərbi təxribatlar yolu ilə danışıqları pozmaq cəhdlərindən əl çəkməlidir. Davamlı sabitlik və təhlükəsizlik üçün Ermənistan öz siyasətini dəyişməli, regionda sülhün təmin olunmasına töhfə verməli və beynəlxalq öhdəliklərinə əməl etməlidir. Əks halda, bu kimi destruktiv yanaşmalar təkcə Ermənistan üçün deyil, bütövlükdə region üçün təhlükəli nəticələrə səbəb ola bilər. Bunun ən ağır zərbəsi isə heç şübhəsiz İrəvana dəyəcək.